Dmitri Kramarenko Qəbələ üzərində qələbədən danışdı
"Neftçi"nin qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. O, bunları söyləyib:

"Qəbələ"yə qarşı keçirdiyimiz son üç matçın hamısı çətin oldu. Uşaqlar sağ olsunlar, meydanda 100 yox, 200 faiz güc qoydular. Bunda baş məşqçi Vəli Qasımovun, onun köməkçilərinin böyük əməyi var. Əlbəttə, son anda qapıçı Aqil Məmmədovun köməyi həlledici oldu. Çünki penalti seriyasında 90 faiz qapıçıdan asılı olur. Müəyyən qədər bəxt amili də rolunu oynadı. Amma Samir Zərgərovun topu qapının üstündən vurmasında da qapıçımızın rolu oldu. Mənim penalti zərbələri ilə bağlı öz sirrlərim var və bunu Aqil Məmmədova öyrətmişəm. O, dediklərimdən istifadə etdi. Finala gəlincə, "Qarabağ"la qarşılaşacağımız üçün şadıq. Bu, bizim üçün böyük stimuldur. Bizi növbəti klassiko gözləyir".

Xəbər 725 dəfə oxundu.