Qarabağ daha bir rekordu təkrarladı
Topaz Premyer Liqasında ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın “Qarabağ” klubu kubokda da eyni nailiyyətə imza atıb. Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.

İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən “ağ-göylər” 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan “Qarabağ” cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” cari kubok turnirinə “Şəmkir”lə 1/8 final oyunu ilə başlayıb – 2:0. 1/4 finalda “Sumqayıt”ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda “İnter”i 2 dəfə məğlub edib – 4:0, 1:0. “Ağ-göylər”in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. “Simurq”la cavab oyununda qapılara qol vurulmayıb.

Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.

Xəbər 691 dəfə oxundu.