Azərbaycan Kuboku: İlk fınalçı “Neftçi” komandası olub
Futbol üzrə Azərbaycan kuboku yarışlarının ilk finalçısı müəyyənləşib.

“Neftçi” klubu finala yüksələn ilk komanda olub. Baş məşqçi Vəli Qasımovun komandası yarımfinalda “Qəbələ”ni penaltilər seriyasında üstələyib – 5:4. Cavab görüşünün əsas vaxtı ilk oyundakı kimi 1:1 hesablı heç-heçə ilə nəticələnib. Qəbələdəki görüşdə hesabı 59-cu dəqiqədə Ruslan Qurbanov açsa da, meydan sahiblərindən Ermin Zets 76-cı dəqiqədə bərabərliyi təmin edə bilib.

Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman “Qəbələ”dən Vitali Vernidub və Samir Zərgərovun zərbəsi dəqiq olmayıb. “Neftçi”dən isə yalnız Anyete fərqlənə bilməyib.

“Neftçi”nin mayın 25-də baş tutacaq finaldakı rəqibi saat 19:00-da başlanacaq “Qarabağ”–“İnter” matçından sonra məlum olacaq. ilk görüşdə Ağdam təmsilçisi 4:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun komandası yenə finala yüksəlsə, ötənilki kimi, həlledici qarşılaşmada “Neftçi” ilə üz-üzə gələcək.

Xəbər 652 dəfə oxundu.