Güləşçilər üçün Olimpiadaya vəsiqə verən son təsnifat turniri başlayır
İstanbulda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçiriləcək.

Turnirdə yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığmasının 4 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

Yunan-Roma güləşi yarışlarında Rəsul Çunayev (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə Elis Manolova (63 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.

Turnirin proqramına əsasən, mayın 6-da yunan-Roma, 7-də isə qadın güləşçilər mübarizə aparacaq. Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri mayın 6-dan 8-dək davam edəcəkdir.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S (Olimpiya) dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz - 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

Xəbər 645 dəfə oxundu.