Bu gün XX tura yekun vurulacaq
Bu gün keçiriləcək 3 matçla Unibank Premyer Liqasının XX turu başa çatacaq. İdman.com.az saytının məlumatına görə, görüşün biri paytaxtda, digərləri əyalətdə keçiriləcək. Günün ilk matçı 1 komandanın “altılıq” arzusunun üstündən xətt çəkə bilər. Belə ki, “Qəbələ”ni qəbul edəcək “Simurq” məğlub olacağı halda, 6-cı pillədə olan rəqibindən 10 xal arxada qalacaq. Bununla da, Zaqatala təmsiçisi “Turan” və “Sumqayıt” kimi ilk “altılığ”a düşməyə nəzəri şanslarını da itirəcək.

Dünən isə, AzAL səfərdə “Xəzər Lənkəran”a uduzmaqla, bu istiqamətdə vəziyyətini daha çətinləşdirdi.
“Qəbələ”nin qələbəsi “Kəpəz”ə də eyni aqibətlə barışmağa məcbur edəcək. Bunun gerçəkləşməməsi Gəncə təmsilçisinin özündən də asılıdır. Qərblilər bunun üçün “İnter”ə uduzmamalıdır. Əks halda, onlar da ikinci “altılıq”da yerini rəsmiləşdirəcək. “İnter” isə 1 günlük fasilədən sonra yenidən 2-ci pilləyə qayıtmaq üçün mütləq qalib gəlməlidir.

Digər qarşılaşmada isə “altılıq” uğrunda mübarizədən hələ qopmayan “Rəvan” “Turan”ı qəbul edəcək. Paytaxt təmsilçisi işini çətinə salmamaq üçün autsayderə xal verməməlidir. Bu matç həm də XX turun yeganə oyunudur ki, 2 yerli məşqçinin – Bəhmən Həsənovla Əsgər Abdullayevin çalışdırdığı komandalar üz-üzə gələcək.

16 fevral

13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
İlk dövrədəki oyun – 2:0

14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
İlk dövrədəki oyun – 1:0

14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
İlk dövrədəki oyun – 0:0

Xəbər 882 dəfə oxundu.