Qurban Qurbanov ölkə çempionatları tarixinə yeni rekordçu kimi düşüb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə yeni rekordçu kimi düşüb.

44 yaşlı mütəxəssis ardıcıl üç dəfə komandası ilə ölkə çempionluğunu bayram edən ilk məşqçi olub.

Buna səbəb “Qarabağ”ın Premyer Liqada 2015/2016 mövsümünün çempionu olaraq, ardıcıl üçüncü dəfə qızıl medalları qazanmasıdır. Məlum olub ki, hər üç zəfərdə əməyi keçən Qurban Qurbanovadək heç bir məşqçi bunu bacarmayıb. Ardıcıl üç çempionluq əldə edən “Neftçi” isə bir dəfə Arif Əsədov, iki dəfə Böyükağa Hacıyev ilə titula yiyələnib. Bunadək Kazbek Tuayev, Mehman Allahverdiyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Qurbanov ardıcıl iki mövsüm çempion olmağı bacaran mütəxəssislər idi. Qurbanov seriyasını üçə çatdırmaqla şəriklərini arxada qoyub.

Ümumiyyətlə, o, baş məşqçi kimi qazanılan qızıl medal sayında B. Hacıyev ilə M. Allahverdiyevə (hərəsi 3 dəfə) çatıb. Bu “üçlük” yalnız Ağasəlim Mircavadov (5), Kazbek Tuayevdən (4) geri qalır. Digər beş baş məşqçi – Əhməd Ələsgərov, Qyoko Hacıyevski, Kaxaber Tsxadadze, Valentin Xodukin və Arif Əsədovun hərəyə bir uğuru var.

Xəbər 656 dəfə oxundu.