“Qarabağ” futbol klubu Topaz Premyer Liqasında çempionluğunu elan edib
Mayın 1-də futbol üzrə Topaz Premyer Liqasında XXXII tura yekun vurulub. Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona dörd tur qalmış çempionluğunu elan edib.

“Qarabağ” çempionluğu rəsmiləşdirməsi üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “Zirə”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib. Ağdamlıların ilk qolunu oyunun 28-ci dəqiqəsində Dani vurub. Görüşün 74-cü dəqiqəsində isə Reynaldo “Qarabağ”ın ikinci qolunu rəsmiləşdirib.

Beləliklə, Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində ardıcıl üçüncü dəfə Azərbaycan çempionu adını qazanıblar.

Günün digər oyununda isə “Qəbələ” doğma meydanda flaqman “Neftçi”ni qəbul edib. Görüşdə komandalar hərəyə iki dəfə fərqlənib. Oyunda hesabı 24-cü dəqiqədə ev sahibləri açıblar. Aleksey Qay 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Lakin 33-cü dəqiqədə Ruslan Qurbanov hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra 50-ci dəqiqədə Rəşad Sadıqov “Qəbələ”ni yenidən hesabda irəli çıxarıb – 2:1. Lakin 64-cü dəqiqədə “Neftçi”nin futbolçusu Elşən Abdullayev hesabı bərabərləşdirib – 2:2. Oyun bu hesabla da başa çatıb.

Xəbər 620 dəfə oxundu.