“Kəpəz” klubu “Rəvan”a şans verməyib
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci turun oyunlarına start verilib.

Turun ilk oyun günündə Gəncənin “Kəpəz” klubu “Rəvan”ı qəbul edib. Bakı təmsilçisinin tək iddiası sonuncu pillədən xilas olub Premyer Liqada qalmaqdırsa, gəncəlilər avrokubokda çıxış etmək üçün mübarizə aparıb.

Belə ki, Şahin Diniyevin rəhbərlik etdiyi komanda evdə autsayderə 3:2 hesabı ilə qalib gəlib. Gəncəlilərin heyətində Julien Ebah 10-cu dəqiqədə hesabı açıb. İlk hissənin sonlarında on bir metrlik cərimə zərbəsi qazanan qonaqlar Ramazan Abbasovun qolu ilə matça tarazlıq gətirib-1:1. 46-cı dəqiqədə ev sahibinin xeyrinə Kənan Müslümovun ifasında avtoqol qeydə alınıb-2:1. Tural Axundov 60-cı dəqiqədə penaltıdən “Kəpəz”in üçüncü topunu vurub. Son dəqiqədə isə “Rəvan” Elnur Abdulovun qolu ilə hesabda fərqi birə endirə bilib-3:2.

Beləliklə, qələbə sayəsində xalını 52-yə yüksəldən “Kəpəz” klubu üçüncü pillədə qərarlaşıb. “Rəvan” isə 14 xalla turnirin sonuncusu olmaqda davam edir.

Xəbər 631 dəfə oxundu.