Səbinə Mikina: «Olimpiadaya lisenziya qazanacağıma inanıram»
«Hazırda 65 lisenziya xalım var. Reytinqdə 24-cü yerdəyəm. Məqsədim xallarımı daha artırıb, London olimpiadasına vəsiqə qazanmaqdır». Bunu idman.com.az saytına açıqlamasında milli komandamızın aparıcı sablyaçısı Səbinə Mikina deyib. Təcrübəli qılıncoynadanın sözünə görə, qarşıda onu ciddi sınaqlar gözləyir:

«Bu ayın sonu Londonda dünya kuboku təşkil ediləcək. Həmin yarışda mübarizə aparacam. Məşqçilər korpusu istəyir ki, XXX olimpiadanın keçiriləcəyi məkanın ruhunu öncədən hiss edim. Martda isə, Antalya və Moskva şəhərlərində təşkil olunacaq beynəlxalq yarışlarda iştirak edəcəm.

Bu 3 turnirdə uğurlu çıxış edib, ilk 16 idmançı sırasına düşmək istəyirəm. Belə olan halda, London oyunlarına lisenziya qazanmış olacam. Düzü, olimpiadaya vəsiqə əldə etməyə inamım böyükdür. Bunun üçün Yunanıstan, Fransa və Macarıstandan olan rəqiblərimi qabaqlamalıyam».
Qeyd edək ki, sablyaçımızı 16-cı yerdə qərarlaşmış həmkarından 17 xal ayırır.

KAMRAN

Xəbər 1555 dəfə oxundu.