Xəyal və gücdə cəmləşən zəfər yolu
Xəyal öz gələcəyini quranları ya uçuruma sürükləyir, ya da zirvəyə qaldırır. Yüksək zirvəni fəth etmək üçün sadəcə bu yolda inamla və istəklə addımlamaq kifayətdir.
Bu günlərdə şahid olduğumuz ən böyük həqiqət ölkə idmanımızın yüksək sürətlə inkişaf etməsidir. Onun inkişaf yolunda xəyal və güclərini idman sevgisində birləşdirən idmançılarımız sayəsində əldə edilən uğurları inkar etmək olmaz. Son zamanlar, hər kəsin həyəcanla gözlədiyi Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak üçün ard-arda qazanılan lisenziyalar artıq bunun bir daha bünövrəsini qoyub. İdmançılarımızın kifayət qədər potensiallı olmaları və üzümüzü dünya arenalarında sevindirmələri təbii ki, bizlərin zəfər nişanəsidir. Uğur qazanmaq üçün dəqiqlik, etibarlılıq, özünəgüvənliliyin və xeyirxahlığın olması ən başlıca vasitədir. Bütün bu keyfiyyətləri özündə cəmləşdirən idman sahəsi artıq öz ətrafına əcnəbi idmançıların sevgisini də əlavə edib.

Təsadüfi deyil ki, ölkə bayrağımız altında çıxış edən idmançılar onlara göstərilən yüksək diqqət və qayğını yaxşı görürlər. Belə idmançılar arasında əslən ukraynalı İnna Osipenko-Radomskaya da var. 34 yaşlı idmançını ölkəmizə gətirən təbii ki, özünün də həmişə etiraf etdiyi kimi, dövlətimizin idmançılara göstərdiyi yüksək diqqət və qayğıdır.

Bir çox idmançının xəyalında canlandırdığı olimpiya medalına karyerasında dörd dəfə sahib olan İnnanın artıq yeganə xəyalı - xeyirxahlığını heç vaxt ondan əsirgəməyən dövlətimizin bayrağı altında çıxış etmək və növbəti olimpiadanın ən şanlı medalını ölkəmizə gətirməkdir. Düşünür ki, xəyalla güc idmanda cəmləşdikdə o zaman əsl qələbəyə sahib olmaq mümkündür.

Ölkəsində bir sıra problemlərlə qarşılaşmış, bura isə orada yarımçıq qalmış istəklərini həyata keçirmək niyyəti ilə gələn İnna ölkəmizdəki sabitliyin, o cümlədən idmanda maddi-texniki bazanın inkişafının, ilk növbədə, olimpiadaya yüksək səviyyədə hazırlaşmağa imkan yaratdığını deyir.

Məşqlərini Mingəçevirdə edən kayakçının olimpiadada qələbə əldə edəcəyinə ümidi böyükdür. Qarşıda onu Dünya kubokunun mərhələləri gözləsə də, bunu özünə keçici yarışlar hesab edir. Çünki, əsas gücünü Rio-2016 Yay Olimpiya Oyunlarına qoyacaq. İki lisenziya əldə edən idmançı olimpiadada əsas gücünü birinci başlayacaq 500 metrlik məsafəyə yönəldəcək. İki məsafəyə yürüşün ona maneçilik törətməyəcəyini vurğulayan İnna Osipenkoya "London-2012"də iki məsafədə çıxışı maraqlı gəlib. Düzdür, o zaman olimpiya çempionu ola bilmədiyi üçün təəssüfləndiyini bildirsə də, əvəzində qadınlar arasında birnəfərlik qayıqla iki olimpiya medallı ilk kayakçı kimi tarixə düşdüyünə sevinir:" Mənədək bu nailiyyətə heç kim imza atmamışdı. Londonda iki dəfə fəxri kürsüyə gümüş medalçı kimi qalxdım. Hətta bürünc medallar olsaydı belə, mənim üçün qaneedici sayılacaqdı. Çünki, əsas iki medal idi, əyarı mənim üçün önəmli deyildi".

Bu zirvəyə qədər ucalan İnna deyir ki, əməksevərliyi, pozitivliyi və həqiqət arxasınca getməsi ona yalnız bir tərif düsturu öyrətdi: “xəyal, güc və həqiqət idman sevgisində birləşib." Onun tək istəyi, məşğul olduğu və sevdiyi sahədə ən yüksəyi gerçəkləşdirmək, gənc nəslə nümunə olmaqdır. Düzdür, idmanda çox şey baş verir, hansısa zədə, stress, psixoloji gərginlik qələbəyə mane olur. Amma, istənilən halda qələbə əzmi idmançıya yenilməz güc verir.

Buna sübut kimi, yenicə ərsəyə gələn “Çempionlar: Sürətli. Uca. Güclü" filmində üç olimpiya çempionu - idman gimnastı Svetlana Xorkina, üzgüçü Aleksandr Popov və güləşçi Aleksandr Karelinin olimpiadadan -olimpiadaya gedən yollarından bəhs edilir. Filmdə idmançıların həyatında baş verən real hadisələr əks olunub. Üzgüçü Aleksandr Popovun bıçaqlandıqdan sonra karyerasına son qoyduğu deyilsə də, o yenidən idmana qayıdıb və olimpiya çempionu olur. Svetlana Xorkina da olimpiya çempionu olduqdan sonra ailəsi üçün darıxdığına görə, idmanı tərk etmək qərarına gəlib. Amma gimnastikaya olan sevgisi onu yenidən idmana qaytarıb və olimpiadada çempion titulunu qoruyub. Mən də belə çətin yollardan keçməklə, öz arzularıma, qurduğum xəyallara nail olmuşam. Həmin filmə baxdıqda özümü görürəm. Çünki, mənim də çiyinlərimdə dörd olimpiya medalı var. Filmə baxsanız hər şey aydın olacaq".

Deyirlər, xəyal qurmaqdan çəkinmək olmaz, çünki o özü həqiqətən gerçəklikdən qüvvətlidir. Bunu arzusuna çatmaq, hədəfləri gerçəkləşdirmək üçün ən çətin yolu belə seçməkdən çəkinməyən insanların timsalında aydın görmək olar.
Elə qəhrəmanımız İnna kimi...

Aynurə AŞIROVA

"İdman" qəzeti


Xəbər 878 dəfə oxundu.