Patimat Abakarova: Qələbə üçün hədəflərimiz çoxdur
Rio-2016 Yay Olimpiya Oyunları taekvondoda - çoxdandır iddialı olduğumuz bir növdə - ilk olimpiya uğurunu əldə etməyə şans yaradıb. Böyük əzmlə yarışlara hazırlaşanlar arasında birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarovanın (49 kq) olimpiadaya lisenziya qazanması sevincimizə yeni ruh qatdı. Bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Avropa olimpiya təsnifat turnirində imza atan taekvondoçunun "İdman" qəzetinə müsahibəsini təqdim edirik:


- Patimat Abakarovanı yaxından tanıyaq.

- Dağıstanın Mahaçqala şəhərində 1994-cü il oktyabrın 23-də dünyaya göz açmışam. Çoxuşaqlı ailədə böyümüşəm. Məndən başqa bir bacım və üç qardaşım var. Anam evdar qadındır, atam isə güləş üzrə məşqçidir.

- Taekvondoya gəlişin necə olub?

- Uşaqlıqda həmişə oğlanlarla dostluq edib, onlarla futbol oynayırdım. Bu idman növünü seçməyim təsadüf olmayıb - ona olan sevgimdən irəli gəlib. Bir çoxları bədənlərini fiziki cəhətdən formalaşdırmaq üçün taekvondo ilə məşğul olurlar. Mən isə, sadəcə, işimin vurğunuyam. Ümid edirəm ki, bu sahədə olduğuma görə, heç vaxt peşman olmayacağam. Bu gün də peşman deyiləm, əksinə, gündən-günə sevdiyim bu idman növünə daha da vuruluram. Bununla yanaşı, gimnastika və güləşlə də yaxından maraqlanıram.

- Keçənilki uğurlarınla karyeranda yeniliklər əldə etdin. Necə düşünürsən, cari ildə inqilabi sıçrayış edə biləcəksən?

- Düzdür, əsas qələbələrim keçən il olub. Vətənimdə təşkil olunan birinci Avropa Oyunlarında qazandığım nailiyyət mənim üçün çox qürurvericidir. Bu ilin ilk rübü, yəni yanvarın əvvəlli Türkiyənin İstanbul şəhərində keçirilən Avropa olimpiya təsnifat turnirində finala yüksəlməklə, "Rio-2016"ya lisenziyanı təmin etdim. Həmçinin bununla kifayətlənməyərək, rəqibimi məğlub edərək, qızıl medala sahib oldum. İnanıram ki, ilin əvvəli uğurlu başlandığı kimi, sonu da belə olacaq.

- Birinci Avropa Oyunlarından söhbət düşmüşkən, istərdim o anlara bir daha qayıdaq. Yarış təəssüratlarını bu gün necə ifadə edə bilərsən?


- Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunların təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkür edirəm. O hisslər elə bir hisslər idi ki, onları nəinki, sözlə ifadə etmək çətindir, çünki birinci Avropa Oyunları çox möhtəşəm idi. Məmnunluq hissi ölkəmizə gələn insanların gözlərində belə əks olunurdu. Çox şadam ki, bu Oyunlarda bürünc medal qazandım. Hərçənd fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı qarşıma məqsəd qoysam da, bunu edə bilmədiyim üçün çox təəssüflənirəm. Azarkeşlər də bizi çox dəstəkləyirdilər. Əldə etdiyim uğurlarda onların da çox rolu olub. Hər birinə səmimi təşəkkürümü bildirirəm.

- Yarımfinala qədər yaxşı gəlsən də, serbiyalı idmançı ilə görüşdə şansını əldən buraxmağını nə ilə izah edərdin?

- İlk görüşdə rusiyalı Aleksandr Lıçaqinaya 7:1, daha sonra yunanıstanlı Yoanna Kutsuya 4:1 hesabı ilə qalib gəldim. Yarımfinalda serbiyalı Tiyana Boqdanoviçlə mübarizəyə yaxşı başlasam da, bir müddətdən sonra vəziyyətə nəzarəti itirdim. Hesabda əvvəlcə ondan 5:1 irəlidə olmağıma baxmayaraq, sonra yenidən bərabərləşdi. Burada psixoloji deyil, taktiki səhv buraxdım. Uduzmağımın səbəbini isə üçüncü raundda buraxdığım səhvdə görürəm. İrəli getmək üçün yenidən imkan yaransa da, planlarım nədənsə həyata keçmədi və hər şey tərsinə baş verdi.

- Qarşıda hamımızı olimpiya həyəcanı gözləyir. Rio-2016 Oyunlarına həm psixoloji, həm də taktiki cəhətdən nə dərəcədə hazırsan?

Ən vacib olanı yarışlara tam ciddiliklə hazırlaşmaqdır. İndi nəsə demək və qalibiyyətdən danışmaq tezdir. Qələbə üçün hədəflərimiz çoxdur. Oyunlara yaxın ərəfədə tam hazır olub-olmadığım məlum olacaq.

- Olimpiadada neçənci yeri tutacağını düşünürsən?

- Məşqlərimə ciddi fikir verirəm. Bizim üçün bütün şərait yaradılıb. Olimpiadada yüksək nəticə əldə etmək üçün əzmlə məşq edirik və yarışlara məqsədyönlü şəkildə hazırlaşırıq. Hesab edirəm ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxacağam. Dövlətin bizə göstərdiyi sonsuz qayğıya görə təşəkkürümü bildirirəm, o cümlədən federasiyada bizə əməyi keçən hər kəsə. Onlar hər probleminizlə maraqlanırlar və bizi diqqətdən kənar saxlamırlar. Şəxsi məşqçim dağıstanlı İsmayıl İsmayılov, baş məşqçim isə koreyalı Sun Mi Parkdır. Hər birimiz inamla mübarizə aparacağıq. Olimpiya medalı bütün idmançıların arzu etdiyi medaldır.

- Necə düşünürsən, taekvondoçular arasında kim olimpiada qızılına sahib ola bilər?

- Hər birimiz. Bütün taekvondoçuları yaxından tanıyıram. Onların hər birinin necə peşəkar olduğunu da deyərdim. Bir çoxumuz "Tərəqqi" medalına layiq görülmüşük. Ona görə də, bu etimadı doğrultmaq üçün hər bir idmançının var-gücü ilə mübarizə aparacağına əminəm. Bizə göstərilən diqqət və qayğını kölgədə qoymamaq üçün ciddi hazırlıqla olimpiadaya qatılacağımıza və medallar gətirəcəyimizə əminəm.

- Olimpiadanın qalibiyyət sevincini öncə kimlərlə bölüşmək istərdin?

- Ən əsası, federasiya ailəsi, o cümlədən mənə kömək edən və dəstəkləyən hər kəslə bölüşmək istərdim.

Aynurə AŞIROVA

"İdman" qəzeti



Xəbər 2164 dəfə oxundu.