Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə aprelin 23-də vergi xidməti əməkdaşları arasında 11-ci ənənəvi şahmat turnirinə start verilib. Turnir Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixindən danışıb. O, uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib. Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran Ə.Həsənov bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzalandığını da vurğulayıb. Qeyd olunub ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 mindən çox uşaq və yeniyetmə məşğul olur.

Bildirilib ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlayıb. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkirdə keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində FİDE reytinqində yüksək pillələrdə olan qrossmeysterlər iştirak edirlər. Həmçinin 2016-cı ilin sentyabrında Beynəlxalq Şahmat Olimpiadasının ilk dəfə olaraq Bakıda keçiriləcəyi də xüsusi vurğulandı.

Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi turnir Olimpiya sistemi üzrə keçirilir. Yarışa mayın 7-də yekun vurulacaq.

Xəbər 746 dəfə oxundu.