Sumqayıtda “Futbol və sağlam həyat” layihəsinə start verilib
Sumqayıtda məktəblilər üçün “Futbol və sağlam həyat” layihəsinin icrasına start verilib. Layihə “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-lərin sponsorluğu, Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, AFFA-nın dəstəyi, “Azərikimya” İB və “Sumqayıt” futbol klubunun təşkilatçılığı ilə keçirilir. Ardıq ikinci ildir icra olunan layihə şəhərin 48 orta məktəbini əhatə edəcək. Ümumilikdə, layihəyə 500-dən artıq şagird cəlb olunacaq. Seminarlarda təhsillərində fərqlənən 10-12 yaşlı şagirdlər iştirak edəcəklər.

Layihənin məqsədi gəncləri və yeniyetmələri futbola cəlb etmək, məktəbliləri yüksək təhsil almağa həvəsləndirmək, eyni zamanda idmanın bu növünün kütləviliyinin artırılmasıdır.

Layihənin açılış mərasimində “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, futbol veteranları Nazim Süleymanov, Arif Əsədov, Mahmud Qurbanov, şəhər gənclər və idman baş idarəsinin, təhsil şöbəsinin, “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-lərin, “Sumqayıt” futbol klubunun təmsilçiləri, idmançılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən sonra “Sumqayıt” futbol klubunun texniki direktoru Aqil Məmmədov və məşqçi Azad Mütəllimov şagirdlərə futbol oyunu və sağlam həyat haqqında seminar keçib.

Sonda şagirdlərin bilikləri yoxlanılıb və fərqlənənlər mükafatlandırılıb.

Layihə iştirakçılarına “Sumqayıt” futbol klubunun idman geyimləri və sponsorların hədiyyələri təqdim edilib.

Xəbər 683 dəfə oxundu.