Berti Foqts: “Xahiş edirəm Vaqif Cavadov haqda sual verməyin” - MÜSAHİBƏ
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Unibank Premyer Liqanın XX turunun “Sumqayıt” – “Neftçi” matçını izləyib. İdman.com.az saytının məlumatına görə, almaniyalı mütəxəssis oyunun fasiləsində apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- “Sumqayıt” – “Neftçi” oyununun ilk hissəsini necə dəyərləndirirsiniz?
- İlk yarı tamamilə fəal oyun izləmədik. Futbolçular fiziki formanı lazımi səviyyədə yığmayıblar. Bunun üçün vaxt lazımdır. Topla rəftarları da yaxşı səviyyədə deyil. Bütün bunlar hər 2 komandaya aiddir.

- Vaqif Cavadovun yığma şanslarına toxunmağınızı istərdik. Onun cəzasının yüngülləşdirilməsi mümkündürmü?
- Xahiş edirəm Cavadov haqda sual verməyin. Onun haqda danışmaq istəmirəm.

- Dubay toplanışı haqda nə deyə bilərsiniz? Premyer Liqa klublarının baş məşqçilərini də orada görmək istəyirsiniz...
- Həmin bir həftəni həmkarlarımla birgə keçirmək istəyirəm. Axı, milli komanda onlar üçün vacibdir. Bütün bunlar yığma üçün edilir. Bu toplanış münasibətlərimizi möhkəmləndirə bilər. Düşünürəm ki, bu onlar üçün də maraqlı olacaq. Şəxsən mənim üçün İngiltərə və İtaliyadan olan klubların məşqini izləmək maraqlıdır.

- Bəzi məşqçilərin imtinasından xəbəriniz var?
- Bu haqda bilmirəm. Lakin onları başa düşürəm. Çempionatda mübarizənin qızğın çağıdır. Bu üzdən komandalarını nəzarətsiz qoymaq istəmirlər. Düşünürəm ki, gələcək toplanışlarda belə imkanımız olacaq.

- Toplanışı çempionatın gərgin vaxtına salmısınız. Bunu Nigeriya və Şotlandiyada çalışdığınız vaxt edirdinizmi?
- Nigeriya yığmasının oyunçuları Avropa klublarında çıxış edirdilər. Belə toplanış onların nəyinə lazım idi ki? Amma sizin oyunçular Azərbaycan çempionatında futbol oynayırlar.

- Toplanışa qatılacaq heyətdə yeni adlar olacaq?
- Olacaq. Biz ötən ilin sentyabrından klubları izləyirik. Düşünürəm ki, bəzi gənc futbolçulara şans verəcəyəm.

- Yeri gəlmişkən, onlar arasında Araz Abdullayevi görəcəyikmi?
- Araz Dubay toplanışında olmayacaq. Mən ona vaxt vermək istəyirəm ki, yeni komandasında möhkəmlənə bilsin. Əvvəllər onu çağırırdıq. Arazla söhbət edib başa salmışam ki, öz üzərində işləməlidir. “Everton”un məşqçisi ilə əlaqə saxlayırıq. Gələcəyi Abdullayevin öz əlindədir.

- Cihan Özqaranı toplanışda görə biləcəyik?
- Mən onu komandada görmək istəyirəm. Buna görə də məşqçisi ilə danışıqlar aparırıq.

- Məhz onun yığmada Cavadovu əvəzləyəcəyi gözlənilir...
- Bilmirəm, niyə onları müqayisə edirsiniz. Mən yığmaya gəlincə, cəmi 2 hücumçu var idi. İndi onlar 6-7 nəfərdir. Heyətə oynamaq istəyən düşəcək. Mən komandanı güclülərdən formalaşdırıram. Kimsə oynamaq istəmirsə, “Tvente”, “Volqa” və Azərbaycan yığmasının məşqçiləri də heç nə edə bilməz.

- Yığmamız toplanış zamanı Fələstin, Sinqapur və Hindistanla qarşılaşacaq. Sizə elə gəlmir ki, rəqiblər zəifdir?
- Biz 1 həftəyə 3 oyun keçirəcəyik. Komanda hələ öz formasını yığmayıb. Bu üzdən belə səviyyədə rəqiblər seçmişik.

Xəbər 1247 dəfə oxundu.