Bakıda sindo-ryu və pençak-silat idmanı üzrə ölkə çempionatı keçiriləcək
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə aprelin 30-dan mayın 1-dək Bakıda sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı keçiriləcək.

Bu barədə məlumat verən Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının vitse-prezidenti Nahid Şəmşirov müsahibəsində bildirib ki, bu qurum ölkəmizdə gənclərin idmana marağının artırılması üçün hər il müxtəlif yarışlar təşkil edir. Çempionatların idmançıların bacarıqlarını nümayiş etdirməsi baxımından əla imkan olduğunu vurğulayan N.Şəmşirov bu turnirlərin həm də onların fiziki və mənəvi cəhətdən sağlam böyümələri üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıraraq deyib: “Əlbəyaxa döyüş növü olan, gənclərdə çeviklik, cəldlik, sarsılmaz güc, iradə, əzm və özünə inam yaradan pençak-silat idmanına respublikamızda maraq artıq kütləvi hal alıb. Bunu nəzərə alan Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının rəhbərliyi bu il aprelin 30-dan mayın 1-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş X Azərbaycan birinciliyi və çempionatı keçirəcək. Tədbir Sərhədçi Olimpiya İdman Kompleksində təşkil olunacaq. Federasiya idmansevərlərin marağını nəzərə alaraq, “one silat” idman növü üzrə də beynəlxalq yarış keçirəcək. “One silat” bizim bildiyimiz qaydasız döyüş idmanına çox yaxındır və ona Asiya ölkələrində böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar”.

N.Şəmşirov bildirib ki, yarışların qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Bununla yanaşı, onlar Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ qazanacaqlar.

AZƏRTAC

Xəbər 596 dəfə oxundu.