Ceyhun Sultanov: “Çalışacağıq ki, “İnter”i büdrədək” - MÜSAHİBƏ


Unibank Premyer Liqasının 20-ci turunda “Kəpəz” sabah doğma meydançasında “İnter”i qəbul edəcək. İdman.com.az saytının məlumatına görə, oyun ərəfəsində Gəncə klubunun kapitanı Ceyhun Sultanov qol.az-ın suallarına cavab verib:

- Doğma meydanda “İnter” komandasını qəbul edəcəksiniz. Oyuna hazırsınız?
- Bəli, hazırıq. Sabah ən çətin oyunlarımızdan birini keçirəcəyik. Güclü qara görə yaxşı vəziyyətdə olmayan meydança amili oyuna təsirsiz ötüşməyəcək. Bütün bunlara baxmayarq, “İnter”dən maksimum xal qoparmağa çalışacağıq.

- Amma nəzər al ki, “İnter” 15 turdur uduzmur.
- Elədir. Amma güclü komandalarla oyunda hər bir klub meydanda bacarığını daha artq qoymağa çalışır, nəinki ortabab rəqiblərlə qarşılaşmada. Sabahkı oyuna yüksək səviyyədə hazırlaşmışıq. Məncə, güclü mübarizənin şahidi olacağıq. Mənim fikrimcə, “Kəpəz” doğma meydanda istənilən komandanın, o cümlədən “İnter”in məğlubiyyətsiz seriyasını qıra biləcək gücdədir. Çalışacağıq ki, “İnter”i büdrədək.

- Elitada qalmaq şanslarınızı necə dəyərləndirərdin?
- Klub rəhbərliyinin bu il üçün qarşımıza qoyduğu məqsəd budur. Bilirik ki, komandamız ilk “altılğ”a vəsiqə qazana bilməyəcək. Ona görə də, irəlidəki oyunlarda yaxşı oyun nümayiş etdirərək, növbəti mövsümə hazırlaşmalıyıq. Sözsüz ki, ilk növbədə ölkə çempionatında yerimizi qorumaq üçün mübarizə aparırıq.

- Sən çox zaman iddialı klublarda çıxış etmisən. Niyə məhz “Kəpəz”də qalmağa üstünlük verdin?
- Səbəb budur ki, ilyarım futboldan kənarda qalmışdım. Oyun praktikasından əziyyət çəkirdim. Özünüz də yaxşı bilirsiniz ki, oynamayan futbolçu heç kimə lazım deyil. Dedim, gəlim, “Kəpəz”də oynayım. İmkan dairəsində başqa klublarla razılığa gələ bilsəm, həmin komandaya keçə bilərəm. Çünki “Kəpəz”lə müqaviləmin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

- Belə çıxır ki, mövsümün sonunda komandanı dəyişəcəksən?
- Əgər ilk “altılıq”da oynayan klublardan məni qane edən təklif olsa, razılaşacağam. Lakin indi hələ ki, heç bir klubla danışıqlar aparmıram. Qoy, mövsüm başa çatsın, sonra qərarımı verəcəyəm.

- Bir müddət öncə dağılmaq üzrə olan “Kəpəz”də vəziyyət indi nə yerdədir?
- Şükür Allaha, hər şey qaydasında gedir. Heç bir futbolçuya rəhbərliyin borcu yoxdur.


Xəbər 991 dəfə oxundu.