Super Liqada 3 məhsuldar hadisə
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IX turu daha 3 rekordla əlamətdar olub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, turun son görüşündə məhsuldarlıq rekordları yenilənib. Belə ki, bu tura qədər lider olan “Bakı”nı 3:2 hesabı ilə məğlub edən “İqtisadçı” 5 set ərzində 114 xal yığıb. Bu isə cari mövsümün mütləq rekordudur. Bu oyuna qədər ən yüksək göstərici “Azərreyl”ə məxsus idi. “Dəmiryolçular” “Lokomotiv”lə V turun matçında 108 xal toplamışdılar.

Bu dəfəki matçda məğlub olan “Bakı” da “Azərreyl”in həmin nəticəsindən daha yüksək göstəriciyə imza atıb. Paytaxtın eyniadlı təmsilçisi uduzduğu qarşılaşmada 112 xal sevinib ki, bu da rekord sayılır. Belə ki, heç bir komanda bu qədər xal toplayaraq uduzmamışdı. “İqtisadçı”nın 3:2 (22:25, 25:22, 25:23, 24:26, 18:16) hesabı ilə qalib gəldiyi qarşılaşma həm də ümumi xal sayına görə rekordla yadda qalıb. Rəqib komandalar ümumilikdə 226 xal toplayıblar ki, bu da Super Liqanın cari mövsümü üçün görünməmiş nəticədir.

Bu oyunadək 5 setin oynanıldığı yeganə qarşılaşma olan “Lokomotiv” – “Azərreyl” matçında 2-cilərin tay-brekdə qalib gəlməsi daha az xal hesabı ilə mümkün olmuşdu. Həmin matçda komandalar üst-üstə 210 xal toplamışdı - 102:108 (16:25, 25:23, 25:20, 23:25, 11:15). Göründüyü kimi, IX turun son oyununda 16 xal artıq toplanıb.

Qeyd edək ki, hesabat turunda “Rabitə” də 2 rekordla yadda qalmışdı. Onlar ən az xal yığılan matçın və ən böyük fərqli setin iştirakçısı olmuşdu. Dünya çempionları 3:0 hesabı ilə məğlub etdikləri “Lokomotiv Biləcəri”ni ümumilikdə 75:34, ikinci setdə isə 25:6 hesabı ilə üstələmişdi. Bir matçda cəmi 109 xalın, 1 setdə isə 19 xal fərqinin qeydə alınması da mövsümün rekordlarıdır.

Xəbər 965 dəfə oxundu.