Şahin Diniyev: Asan qollar buraxırıq
Topaz Premyer Liqasında 30-cu turun “Kəpəz” – “İnter” oyunundan (1:1) sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib:

“Liderlərin oyununa oxşayan oyun oldu. Meydançada mübarizə vardı. Razı və narazı qaldığım şeylər var. Komandanın uğurunda və ya uğursuzluğunda səbəbkar axtarmırıq. Çünki biz bir komandayıq, bir yerdəyik, futbolçuların arxasındayıq. Ruh düşkünlüyü, fiziki və psixoloji yorğunluq vardı, bir həftə ərzində bunu aradan qaldırmağa çalışdıq. Məşqlərdə bunun üzərində işlədik. Mən deyərdim ki, qələbəyə biz yaxın idik. Birinci və ikinci hissənin ilk 15 dəqiqəsində o qədər də yaxşı oynamadıq. Amma məni qane edən anlar da oldu. Xüsusən də, ikinci hissənin son 25-30 dəqiqəsində göstərilən oyundan razı qaldım. Artıq bu onu göstərir ki, fiziki və psixoloji gərginliyi geridə qoymuşuq, komandada özünə inam var. “İnter”ə heç bir futbol komponentlərində uduzmadıq. Buraxdığımız səhvlər məni narahat edir. Asan qollar buraxırıq. Bunun üzərində işləyib aradan qaldırmalıyıq. Düzdü, səhvlər azalır, amma olmamalıdır".

Xəbər 627 dəfə oxundu.