“MMA FIGHTING SERİES” seriya yarışları davam edir
“MMA FIGHTING SERİES” seriya yarışları davam edir. İkinci yarış bu gün - aprelin 14-də Qafqaz Baku Sport Oteldə baş tutacaq. Yarış saat 18:00-da start götürəcək.

"Qəbələ" İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək turnir öncəsi ötən gün "TT Fight Club"da çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Beynəlxalq MMA Liqasının prezidenti Elxan Vəliyev, MMA Prime Fight Pro beynəlxalq assosiasiyasının icraçı direktoru Aleksey Yatsenko, Beynəlxalq MMA Liqasının vitse-prezidenti Şəhriyar Abbasov və “Qəbələ”nin döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev iştirak ediblər.

Tədbirdə öncə son günlər cəbhədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Xatırladaq ki, ikincisi keçiriləcək “MMA FIGHTING SERİES”də Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan idmançıları da qüvvələrini sınayacaqlar. 15 çəki üzrə baş tutacaq döyüşlərdə "Qəbələ" 3 idmançı ilə təmsil olunacaq. 66 kq çəki dərəcəsində Fuad Musayev "Şəmkir" döyüş klubunun üzvü Nərbala Atakişiyevlə üz-üzə gələcək. Nəriman Abbasov 70 kq çəki dərəcəsində İran idmançısı ("Caspian Tigers") Said Lobati ilə münasibətlərinə aydınlıq gətirəcək. Hüseyn Əliyev isə 77 kiloqram çəki dərəcəsində Ukraynanın "Spartak" döyüş klubunun üzvü Maksim Şilo ilə qarşılaşacaq.

"MMA FIGHTING SERİES - 2" Azərbaycanın "CBC Sport" və Rusiyanın "Боец" telekanalı vasitəsilə canlı yayımlanacaq. (klub saytı)

Xəbər 812 dəfə oxundu.