Futbol üzrə U-17 yığma komandamızın baş məşqçisi: Rəqiblərimiz güclüdür
İlk dəfə Avropa çempionatında oynayacağıq. Yaxşı çıxış etmək istəyirik. Aprelin 12-dən etibarən toplanışdayıq. U-19 yığmamızla yoxlama oyunu da keçirəcəyik. Gücümüzü bir daha yoxlamaq istəyirik. Aprelin 29-da və ya 30-da da yoxlama oyunu keçirməyi düşünürük. Həmin oyun böyük ehtimalla Avropa çempionatında iştirak edəcək komandalardan birinə qarşı olacaq.

Bu fikirləri aprelin 13-də Mərdəkan qəsəbəsində AFFA Futbol Mərkəzindəki milli komandaların məşq mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Rəhbərlik etdiyi komandanın Avropa çempionatına hazırlıq prosesi ilə bağlı məlumat verən baş məşqçi jurnalistlərin suallarını da cavablandırıb.

T.Həsənov deyib: “Türkiyənin “Beşiktaş” və “Trabzonspor” klublarında çıxış edən dörd oyunçumuz, həmçinin Almaniyada oynayan bir futbolçumuz var. Aprelin 30-dək Avropa çempionatında iştirak edəcək futbolçularımızın siyahısını tam dəqiqləşdirmək istəyirik. Hər şey uşaqların oyun formasından asılı olacaq. Rəqiblərimiz güclüdür. Portuqaliyanın oyununu görmüşəm. Onlar qrupun favoritidir. Belçika da Avropanın ən yaxşı yığmalarından biridir. Amma istənilən halda komandamız da qrupdan çıxmağa çalışacaq”.

Xatırladaq ki, yığmamız UEFA U-17 Avropa çempionatının “A” qrupunda Portuqaliya, Belçika və Şotlandiya komandaları ilə qarşılaşacaq.

Xəbər 733 dəfə oxundu.