“Coca-Cola Məktəbli Kuboku”nun qalibi Azərbaycanı Fransada keçiriləcək turnirdə təmsil edəcək
A Qrupu: Azərbaycan, İngiltərə, Bolqarıstan, Hollandiya, Türkiyə, Fransanın qitədən kənar əraziləri

Bakı – 13 aprel 2016-cı il. Futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” 2014/2015 birinciliyinin qalibi ölkəmizi Fransada keçiriləcək məktəblilər arası Avropa turnirində təmsil edəcək.

Daha öncə Azərbaycanda futbol üzrə IX siniflər arasında keçirilən “Coca-Cola Məktəbli Kuboku” 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı məktəbinin komandası mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq “EURO FOOT Jeunes” məktəblilər arasında Avropa çempionatının iştirakçısı olacaq.

Qeyd etmək lazımdır ki, 22 komandanın iştirak edəcəyi yarışın püşkatma mərasimi artıq baş tutub. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycanı təmsil edəcək komanda “A” qrupunda Türkiyə, İngiltərə, Bolqarıstan, Fransanın qitədən kənar əraziləri və Hollandiyanın komandaları ilə yarışacaq.

“Azərbaycan futbolunun inkişafı məqsədilə görülən işlər, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi, infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verməkdədir. “Coca-Cola” ilə uzun müddətdir ki, davam edən əməkdaşlığımızın mühüm layihələrindən olan Məktəbli Kuboku turniri ölkənin 70-dən çox şəhər və rayonunu əhatə etməklə xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, sözügedən yarışmanın yetirmələri olan uşaqlar beynəlxalq səviyyəli çempionatda iştirak hüququ qazanıblar. Onlara keçirəcəkləri hər bir oyunda uğurlar arzulayıram və bu cür təcrübədən maksimal faydalanmağı tövsiyə edirəm”, - deyə AFFA-nın baş katibi Elxan Məmmədov qeyd edib.

“Cəmiyyətin sağlamlığına töhfə vermək “Coca-Cola” şirkətinin qlobal davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən biridir. Hökumət və qeyri-hökumət təşkilatları ilə birgə “Coca-Cola” şirkəti insanların fiziki aktivlik, idman və sağlam həyat tərzinə cəlb olunması üçün müxtəlif proqramlara dəstək verir. Bununla əlaqədar olaraq, “Coca-Cola” futbol üzrə məktəbli çempionatlarını dəstəkləyir, çünki fəal və sağlam həyat tərzin inkişafı erkən uşaqlıqdan başlamalıdır. Biz hər il 2 min məktəbdən artıq 200 mindən çox məktəblini fiziki aktiv olmağa cəlb edən “Coca-Cola Məktəbli Kuboku” layihəsi ilə qürur duyuruq. Bizim üçün qürur mənbəyidir ki, 2014/2015 mövsümünün çempionu Azərbaycanı Fransada keçiriləcək futbol üzrə Avropa məktəbli turnirində təmsil edəcək. Komandamıza uğurlar arzu edirik və ölkəmizin bütün məktəblilərini öz yaşıdlarını dəstəkləməyə çağırırıq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

“Azərbaycanda uşaq futbolunun inkişafında ”Coca-Cola Məktəbli Kuboku” məktəbli turniri böyük rol oynayır, buna görə mən AFFA, Təhsil Nazirliyinə və “Coca-Cola” şirkətinə minnətdaram. Bizim komanda adıçəkilən birinciliyin ənənəvi iştirakçısıdır. Son 5 il ərzində biz iki dəfə ölkə və bir dəfə Səbail rayonu çempionu adını qazanmışıq. Bu ilin may ayında bizim komanda Azərbaycanı Avropa məktəbli turnirində təmsil edəcək. Bu səbəbdən biz artıq intensiv məşqlərə başlamışıq. Sözügedən çempionatda layiqli çıxış edərək azərbaycanlı azarkeşləri sevindirmək ümidindəyik”, - deyə Səbail rayonunun 163 saylı məktəbinin futbol komandasının baş məşqçisi Aqil Korçiyev qeyd edib.

Qeyd etmək lazımdır ki, “Coca-Cola” şirkəti, AFFA və Azərbaycanın Təhsil Nazirliyi artıq 5 ildir məktəblilər arasında “Coca-Cola Məktəbli Kuboku” futbol turnirini təşkil edir. VII və IX siniflər arasında keçirilən bu turnirə hər il təxminən 200 min şagird iştirak edir. Ümumilikdə, 5 il ərzində yarışda 1 milyona yaxın uşaq iştirak edib.

Həmçinin qeyd etmək lazımdır ki, uzun illər ərzində Olimpiya Oyunları, FİFA Dünya Çempionatı və UEFA Avropa Çempionatı kimi qlobal yarışlarının əsas tərəfdaşı qismində çıxış edən “Coca-Cola” şirkəti bir müddət öncə Azərbaycanda bu ilin mayın 5-dən 21-dək keçiriləcək futbol üzrə 17 yaşadək gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşı oldu. AFFA və “Coca-Cola” şirkəti arasında imzalanmış sazişə əsasən, şirkət U-17 Avropa Çempionatını öz məhsulları ilə təmin edəcək.

Xəbər 713 dəfə oxundu.