“Olimpiya hərəkatı” proqramı çərçivəsində basketbol və badminton üzrə final mərhələsinin püşkü atılıb
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, eləcə Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı” kütləvi idman proqramı çərçivəsində aprelin 12-də basketbol 3x3 və badminton yarışlarının final mərhələsinin püşkü atılıb.

Püşkatma mərasimində finala vəsiqə qazanmış komandaların rəhbərləri və müvafiq idman növləri üzrə hakimlər, proqramın ulduz idmançıları – basketbol və badminton üzrə milli komandalarımızın üzvləri Amil Həmzəyev və Orxan Qələndərov iştirak ediblər. Baş hakimlər tədbir iştirakçılarını final haqqında ətraflı məlumatlandırıb, komandaların hazırlığına dair tövsiyələr veriblər.

Püşkatma nəticəsində basketbol 3x3 və badminton idman növləri üzrə rəqiblər müəyyənləşib.

Məlumat verilib ki, proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq, şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Eyni zamanda, sağlam və fəal həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin də fəallığının artmasına müsbət təsir göstərir.

Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird proqram çərçivəsində atletika, badminton, basketbol 3x3 və velosiped idman növləri üzrə yarışlara cəlb olunub. Azərbaycanda 2015-ci ildən icra olunmağa başlanan “Olimpiya hərəkatı” proqramı məktəblilərin idmana cəlb edilməsində əhəmiyyətli rol oynayıb. Dörd idman növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Layihənin icrasını müvafiq idman növləri üzrə milli federasiyalar da dəstəkləyir. Proqram 2016-cı il aprelin sonunda ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərdən birində təşkil olunacaq final yarışı və idman festivalı ilə başa çatacaq.

İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan bu proqramın icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqram uşaqların daim hərəkətdə olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına töhfə verən proqram Azərbaycanda idmanın inkişafına mühüm təsir göstərir.

Xəbər 710 dəfə oxundu.