Taekvondoçularımızın Almaniya zəfəri: bir qızıl, iki gümüş medal
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan yığması Dünya Taekvondo Federasiyası tərəfindən Almaniyanın Bonn şəhərində təşkil edilən G-2 kateqoriyalı “Prezident kuboku” beynəlxalq turnirində uğurla mübarizə aparıb.

Yarış Azərbaycanın yığma komandası üçün uğurlu olub. Ölkəmizi 80 kiloqram çəki dərəcəsində təmsil edən birinci Avropa Oyunlarının və dünya kubokunun qalibi Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb. O, bu uğura görə reytinq hesabına 20 xal yazdırıb. İdmançı, həmçinin mayda İsveçrədə keçiriləcək Avropa çempionatında yığma komandamız üçün bu çəki dərəcəsində bir lisenziya qazandırıb.

Yarışda digər idmançılarımız də mükafatçılar sırasında yer alıblar. Belə ki, 54 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Məcid Sofiyev və qadın taekvondoçumuz, birinci Avropa Oyunlarının bürünc mükafatçısı və “Rio-2016” Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Patimat Abakarova (53 kq) gümüş medala layiq görülüblər.

Xəbər 739 dəfə oxundu.