FIDE-nin vitse-prezidenti: Azərbaycan şahmat yarışlarının təşkilində böyük təcrübəyə sahibdir
Ümumdünya Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini yüksək qiymətləndirirəm. Bu mötəbər yarışa hazırlıq plan üzrə davam etdirilir.

Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Georgios Makropulos ölkəmizə səfərinin yekunları ilə bağlı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırarkən deyib.

FIDE-nin prezidenti vəzifəsini icra edən G.Makropulos ölkəmizə səfərinin yekunlarından danışarkən bildirib: “Səfər zamanı olimpiadanın keçiriləcəyi “Baku Crystal Hall”da olduq. Çox möhtəşəm arenadır. Olimpiada zamanı burada şahmatçılar üçün hər cür şəraitin yaradılacağına əmin olduq. Olimpiada kütləvi yarış olduğu üçün eyni vaxtda 300-dən çox komanda yarışacaq. Ona görə də məkanın geniş olması çox vacibdir. “Baku Crystal Hall”da məkan istədiyimiz kimi çox böyükdür. Nəqliyyat və viza məsələləri ilə bağlı da müzakirələr apardıq. Fikrimcə, təşkilatçılar işlərinə ciddi yanaşıblar. Çünki bu məsələdə problem olmayacağını düşünürəm. Biz, eyni zamanda, arenada təhlükəsizlik, media otaqları və tamaşaçılar üçün ayrılan yerlərlə də tanış olduq. Hazırlıq demək olar ki, həlledici mərhələyə qədəm qoyub”.

G.Makropulos Azərbaycan paytaxtının şahmat yarışlarını keçirmək üçün böyük təcrübəyə sahib olduğunu bildirib: “Bakı indiyədək şahmat üzrə Qran-pri, Dünya Kuboku kimi bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Olimpiada şahmat aləmində ən böyük turnirdir. 175-dən çox ölkədən şahmatçıların iştirakı gözlənilir. Bütün şahmat aləminin diqqəti Bakıya yönələcək. Bu mənada hər bir detala ciddi yanaşmaq önəmlidir. Bakıda olduğumuz zaman iştirakçı və qonaqların məskunlaşacağı otellərlə əməkdaşlıq müqaviləsi imzalandı. Hesab edirəm ki, Azərbaycan şahmat tarixində ən yaxşı Olimpiadanı təşkil edəcək”.

FIDE rəsmilərinin 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləri ilə tanış olmaq üçün hər ay Bakıya səfər edəcəklərini diqqətə çatdıran G.Makropulos deyib: “İndiyədək görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımız üçün hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, Olimpiada vaxtı Bakıda FIDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirin hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq”.

Məlumat üçün qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-dək başa çatacaq. Olimpiada günlərində paytaxtımızda həm də FIDE-nin növbəti konqresi keçiriləcək.

Xəbər 796 dəfə oxundu.