“Mənim üçün bu gün oynamaq çox gözəl oldu”
Mənim üçün çox maraqlı bir oyun idi. İlk dövrədə “Azəryolservis”in heyətində “Azərreyl”ə, indi isə “Azərreyl”in heyətində “Azəryolservis”ə qarşı çıxış etdim”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Pelin Çəlik deyib.

Mövsümün əvvəlində “Rabitə” ilə dünya çempionu olan türkiyəli legioner müqaviləsi bitdikdən sonra, “Azəryolservis”lə anlaşdı. Lakin o, burada çox qalmadı. Buna səbəb, “dəmiryolçular”ın kapitanı Oksana Parxomenkonun zədələnməsi oldu. Belə ki, toppaylayıcı Faiq Qarayevin istəyi ilə komandasını yenidən dəyişdi.

Pelin bu gün keçirilən Super Liqanın IX turunda sabiq komandası - “Azəryolservis”ə qalib gəldikləri oyunun yaxşı alındığı fikrindədir. Onun sözünə görə, hər 2 komandanı yaxşı tanıdığından görüşdə elə də çətinlik çəkməyib: “Hər 2 klubun oyununa yaxşı bələdəm. “Azərreyl”də yeni olduğum üçün arada anlaşılmazlıqlar olur. Lakin mənim üçün bu gün oynamaq çox gözəl oldu. Qarşıdakı günlərdə daha yaxşı oyunlarımız olacaq. Bu matçlarda da komandama daha çox kömək etmək istəyirəm”.

Türkiyəli voleybolçu Avropa Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları Kazan “Dinamo”su ilə oyuna da toxunub. O bildirib ki, əsas məqsədləri “Dördlər finalı”na yüksəlməkdir: “Bizim bütün fikrimiz “Dinamo” matçına yönəlib. Hazırda bütün hazırlıqlarımızı bu oyuna uyğun davam etdiririk. Həmin matçın həyəcanını yaxşı bilirik. Biz Azərbaycanda keçiriləcək “Dördlər finalı”na mütləq qatılmaq istəyirik. Düzdür, çox güclü kluba qarşı oynayacağıq. Amma bizim komanda da güclüdür. Bunun üçün həmin görüşə qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, “Azərreyl” “Azəryolservis”ə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 1114 dəfə oxundu.