Boksçularımız Samsuna yola düşdülər
2016-cı il Rio de Janeyro yay olimpiya oyunlarına lisenziya qazanmağa çalışan boksçularımız dünyanın bir nömrəli yarışına vəsiqələr uğrunda mübarizə aparmaq üçün Türkiyəyə yollanıblar. Avropalı boksçular aprelin 9-dan 17-dək Türkiyənin Samsun şəhərində olimpiya oyunlarına lisenziya uğrunda vuruşacaqlar.

Həm kişi, həm qadınlardan ibarət komandamız da bu məsul yarışda iştirak etmək üçün qardaş ölkəyə yollanıblar. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında kişi boksçulardan ibarət komandamız bu heyətlə yollanıblar: Rüfət Hüseynov, Cavid Çələbiyev, Lorenso Sotomayor, Kamran Şahsuvarlı, Teymur Məmmədov, Abdulkadir Abdullayev və Məhəmmədrəsul Məcidov.

Aleksandr Denisovun rəhbərliyi altında qadınlardan ibarət milli komandamız isə Türkiyəyə Anaxanım Ağayeva, Yana Alekseyevna və Yelena Vstropova ilə yollanıb.

Qeyd edək ki, Qatarda keçirilən son dünya çempionatında dünya çempionumuz Elvin Məmişzadə, gümüş medalçı Albert Səlimov və bürünc mükafatçımız Pərviz Bağırov Rio Yay Olimpiya oyunlarına lisenziya qazanıblar.

Xəbər 724 dəfə oxundu.