Azərbaycan kanoeçiləri Bolqarıstana yollanır

Azərbaycanın kanoe üzrə milli komandası fevralın 19-da Bolqarıstandakı Belmeken bazasına təlim-məşq toplantısına yollanacaq. Yığmamız baş məşqçi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin rəhbərliyi altında səfərə çıxacaq.

Martın 10-dək davam edəcək toplanışa 5 kanoeçimiz qatılacaq. Bunlar 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, 2010-cu ilin Avropa çempionları və son dünya çempionatının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, gənclər arasında Avropa çempionu Andrey Kraytor, eləcə də istedadlı kanoeçimiz Boqdan Kurudzdur. Belmekendə keçiriləcək toplanış kanoeçilərimizin fiziki hazırlığının yüksəldilməsini nəzərdə tutur. Demyanenko ötən il dekabrın 1-dən 22-dək də eyni məkanda hazırlıq keçib. Həmin vaxt o, akademik avarçəkənlərimizlə birgə toplanışda olub.

Qeyd edək ki, Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 1128 dəfə oxundu.