Azərbaycan Premyer Liqasında vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi anılıb
Ötən gün Azərbaycan Premyer Liqasında keçirilən XXVIII turun bütün oyunlarında vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi anılıb.

“Xəzər Lənkəran” klubu ilə “Qarabağ” arasında keçirilən oyun öncəsi qürurverici anlar yaşanıb. Cəbhə bölgəsinə erməni təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diqqət çəkən məqam isə anım zamanı meydan sahiblərinin hərbi kamuflyajda olmasıdır.

AZAL-ın futbolçuları da “Kəpəz” üzərində qazandıqları 3:0 hesablı qələbəni qeyri-adi formada qeyd ediblər. Matçdan sonra kapitan Rail Məlikov komanda yoldaşlarını azarkeşlər qarşısına aparıb. Onlar fanatlar qarşısında düzülərək ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı veriblər. Bundan başqa, qol vuran futbolçular - Aydın Qasımov, Hacı Əhmədov və Mirzağa Hüseynpur da fərqləndikdən sonra eyni addımı atıblar.

Digər stadionlarda da şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Xəbər 722 dəfə oxundu.