Gimnastımız AÇ-nin bürünc medalını qazandı
31 mart – 3 aprel tarixlərində İspaniyanın Valyadolid şəhərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 25-ci Avropa Çempionatı keçirilib. Azərbaycanı batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Dmitri Fedorovski və Sabina Zaytseva, tamblinq üzrə turnirdə Mixail Malkin və ikili mini batut üzrə yarışlarda Dmitri Fedorovski təmsil ediblər.

İkili mini batut üzrə yarışlarda debüt çıxışımız ölkəyə bürünc medal gətirib. Hakimlərdən 74.100 xal toplayan Fedorovski fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 1-ci və 2-ci yerləri isə Rusiya idmançıları öz aralarında bölüşdürüblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Azərbaycanın batut gimnastikası üzrə təmsilçiləri ilk dəfə olaraq həm fərdi, həm də sinxron çıxışlarda finala – Avropanın 8 güclü gimnastları sırasına daxil ola biliblər. Nəticədə, Oleq Piunov özünün ən yaxşı çıxışını (57.525) nümayiş etdirərək, fərdi çıxış proqramı üzrə yarışlarda 5-ci yeri qazanıb. Oleq sinxron cütlük tərkibində İlya Qrişuninlə birlikdə 7-ci yerdə qərarlaşıblar.

Mixail Malkin də ilk dəfə olaraq Avropa Çempionatında tamblinq üzrə yarışlarda finala vəsiqə qazanaraq, 8-ci olub.

Sonda, bağlanış mərasimində, batut gimnastikası üzrə növbəti - 26-cı Avropa Çempionatının 2018-ci ildə Bakıda keçiriləcəyindən, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Azərbaycana təqdim olunub. Bayrağı UEG-nin Vitse-prezidenti kimi səlahiyyətləri çərçivəsində hazırki çempionatın Apellyasiya Kollegiyasının Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov qəbul edib.

Azərbaycanda batut gimnastikasının 2013-cü ilin sonundan inkişaf etməsinə baxmayaraq, ölkəmiz artıq cari ilin 5-6 mart tarixlərində Bakıda batut gimnastikası üzrə Dünya Kubokunu uğurla təşkil edib.

Xəbər 730 dəfə oxundu.