Şahin Diniyev: “Rəqibləri yox, özümüzü fikirləşirik”
“AZAL güclü rəqibdir. Az büdcə və kasad heyətlə nəticəyə oynayan komandadır. Daha çox müdafiədən oynayırlar, əks-hücumlardan oyunu qururlar”. Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli çalışdırıcı kapazpfc.az saytına Topaz Premyer Liqasının XXVIII turunda qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini bölüşüb: “Bizim yolumuz var və bu yolla gedirik. Rəqibləri yox, özümüzü fikirləşirik. Maksimum nəticə qazanmağa çalışırıq. Bizdən öndə və ya geridə olan komandaların necə oynamasını düşünmürük. Səhvlərimizi minimuma endirib, məqsədimizə çatmalıyıq”.

Diniyev cəzalı duruma düşdüyündən AZAL-la matçı buraxacaq Budaq Nəsirov haqda da danışıb: “Heyətimiz geniş deyil, ona görə hər itki bizim üçün problem yaradır.Komandamızın oyun sistemi var, futbolçular da bu sistemdə onlara verilən tapşırığı yerinə yetirməyə çalışırlar. Kiminsə yoxluğu komandanın oyununa təsir edir, amma bunu səbəb etməməliyik. Digər futbolçularımıza güvənirəm, mənə elə gəlir ki, onlar Budaq Nəsirovun yoxluğunu hiss etdirməyəcəklər”.

Xəbər 673 dəfə oxundu.