Bakı Şəhər Halqasının təmir işləri ilə bağlı açıqlaması
Bu ilin iyununda ölkəmizdə keçiriləcək “Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) mötəbər yarışa hazırlıq işlərini davam etdirir.

Paytaxtın yarış trekinin keçiriləcəyi mərkəzi küçələrdə tikinti işləri artıq sonuncu mərhələdədir. Asfalt qatının üst layının çəkilməsi işləri sürətlə aparılır. Bununla əlaqədar Neftçilər prospektinin Rəsul Rza və Əziz Əliyev küçələri ilə kəsişmələri arasında olan hissəsində yolun bir tərəfi aprelin 2-də nəqliyyatın hərəkəti üçün bağlanıb. Eyni zamanda, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti bir günlüyünə tamamilə dayandırılıb.

Aprelin 2-də Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Aprelin 3-də isə İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasındakı hissəsində üst lay asfalt qatının salınması işləri həyata keçiriləcək və bu səbəbdən yolun həmin hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Xəbər 662 dəfə oxundu.