Elxan Əliyev: «Ən azı, ötənilki nəticəmizi təkrarlamalıyıq»
Basketbol üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçisi milli komandamızın Avropa çempionatının seçmə oyunlarına hazırlıqla bağlı idman.com.az saytına məlumat veribdir. Elxan Əliyevin sözünə görə, yığmamızın legioner üzvləri hazırda Antalya, Rusiya, Valensiya, Madrid, Kanada və digər ölkələrin komandalarında oynayır və hazırlıqlarını artırırlar:

«Yığmamızın tərkibini daha iki legionerlə - amerikalı basketbolçularla gücləndirmişik. Basketbolçularımız dünyanın müxtəlif ölkələrində ayrı-ayrı klublarda oynayırlar. Burada olmasalar da, onların hazırlığı diqqət mərkəzindədir. Mən basketbolçularımızın iştirakı ilə keçirilən matçları izləyir, özləri və məşqçiləri ilə əlaqə saxlayaraq, tövsiyələrimi verirəm.

Ötən il yığma komandamız Avropa çempionatının «B» divizionunda mübarizə apararaq İsveç yığmasından sonra, ikinci pillədə qərarlaşmışdı. Rumıniya və Belarus kimi komandaları üstələmək basketbolçularımız üçün pis nəticə deyildi. Bu dəfə oyun daha yüksək rəqabət şəraitində keçəcək. Rəqiblərimiz İsveç, Almaniya, Bolqarıstan və Lüksemburq komandalarıdır. Ötənilki nəticələri təkrarlaya bilsək, bu, qənaətbəxş olar».

Məlumat üçün bildirək ki, qitə çempionatının seçmə mərhələsində birinci və ikinci yeri tutan komandalar Avropa çempionatının finalına vəsiqə qazanacaqlar. Üçüncü yeri tutacaq altı komandadan 4-nə də yarışlarda iştirak etmək hüququ veriləcək. Baş məşqçinin sözünə görə, milli komandamız Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədi ilə iyun ayından təlim-məşqlərə başlayacaq.

Leyla QURBANOVA

Xəbər 1220 dəfə oxundu.