Tennisçiəlrimiz qitə birinciliyinə hazırlaşırlar
«Yeniyetmə tennisçilərimiz Avropa çempionatına hazırlaşırlar». Bu barədə yığma komandanın baş məşqçisi Yalçın Manaflı idman.com.az saytına xəbər verib. Türkiyənin Antalya şəhərində təşkil olunacaq qitə yarışında Ayxan Manaflı və Fidan Xəlilzadə ölkəmizi şəxsi və komanda şəxsi yarışlarda təmsil edəcəklər.

Ehtiyat idmançılar sırasında isə Türkiyəyə Züleyxa Səfərova və Amina Dik gedəcəklər. Yalçın Manaflı yeniyetmə tennisçilərin Avropa birinciliyində qənaətbəxş çıxış etmələri üçün Bakıda hazırlıqlarını artırdıqlarını bildirib: «Hazırda idmançılarımız təlim-məşqdədirlər. Onların texniki, taktiki və fiziki hazırlıqlarını artırmaq üçün məşqlərimizi davam etdiririk».

Qeyd edək ki, yeniyetmə tennisçilərimiz - Ayxan Manaflı və Fidan Xəlilzadə ötən ay Litvanın Şaulyay şəhərində 14 yaşadək tennisçilər arasında keçirilmiş Avropa tennis turnirində iştirak etmişdilər. 64 tennisçinin qatıldığı yarışda tennisçilərimiz yarımfinala qədər irəliləsələr də, sonrakı mərhələlərdə rəqiblərinə məğlub olublar.

Yalçın Manaflı yeniyetmə tennisçilərimizin gələcək perspektivləri barədə danışaraq, onların Olimpiada-2016-ya lisenziya verən yarışlarda uğurla çıxış edəcəklərinə və Olimpiya oyunlarında iştirak etmək hüququ qazanacaqlarına ümidvar olduğunu bildirib bildirib.

Xəbər 1173 dəfə oxundu.