Diniyev: Nəinki qələbə qazanmaq, hətta belə komandaya qarşı oynamaq çətindir
Topaz Premyer Liqasında üçüncü dövrənin son oyununda “Kəpəz” Gəncə şəhər stadionunda “Zirə” ilə qarşılaşacaq. Bu oyun 27-ci turun mərkəzi görüşü hesab olunur.

Qarşıdakı vacib matç öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına fikirlərini bölüşüb. Təcrübəli çalışdırıcı ilk olaraq rəqib haqda danışıb: “Zirə”nin bu yerdə olması təsadüfi deyil. Komandanın göstərdiyi oyun və nəticələr ortadadır. Mövsümün əvvəlində kimsə bu klub haqda belə proqnoz versəydi, şübhəli baxılardı. Bakı təmsilçisi güclü rəqibdir. Praqmatik futbol oynayırlar, təcrübəli yerli və yaxşı legionerlərdən qurulmuş heyətləri var. Nəinki qələbə qazanmaq, hətta belə komandaya qarşı oynamaq çətindir. Bizi Gəncədə ciddi rəqib və çətin oyun gözləyir”.

Çempionatın 26-cı turunda “Neftçi”ni səfərdə 2:3 hesabı ilə məğlub edən “Kəpəz” tarixi derbidə 11 illik qələbəsiz oyunlar seriyasına son qoyub. Bu qələbə komandanın turnir cədvəlindəki xal ehtiyatını və mövqeyini yaxşılaşdırmaqla yanaşı, əhval-ruhiyyəyə də müsbət təsir edib: “Bu qələbəni unutmaq lazımdır, bununla yaşamaq olmaz. Bir uğursuz oyun ilə zəfərin üstündən xətt çəkmək olar. Çempionatda məqsədimizin mahiyyətini itirməməliyik. Hər bir komandaya ciddi yanaşmaq lazımdır. Əgər biz özümüz ciddi komanda olmaq, uzaq səfərə çıxmaq istəyiriksə, keçmiş oyunu tez unudub qarşıdakı matça hazırlaşmalıyıq”.

“Zirə” ilə oyuna hazırlıq müddətində “Kəpəz”in heç də bütün futbolçuları məşqçilər korpusunun ixtiyarında olmayıb. Tərlan Quliyev ilə Namiq Ələsgərov əsas millinin, Budaq Nəsirov isə 21 yaşlılardan ibarət yığmanın tərkibində olduğundan məşqlərin hamısında iştirak edə bilməyiblər. Bura uzun müddətə sıradan çıxan Dario Frederikonu və cəza səbəbindən qarşıdakı görüşü buraxacaq Julien Ebahı daxil etmək olar: “İtkilərimiz var. Darionun vəziyyəti əvvəldən məlum idi, Ebah isə cəzalı olduğundan komandaya kömək edə bilməyəcək”.

Xəbər 793 dəfə oxundu.