İlk medallar Tartudan gəldi
Ölkəmizin bədii gimnastları ilin ilk beynəlxalq medallarını Estoniyanın Tartu şəhərində qazandılar. İdman.com.az saytı xəbər verir ki, sevgililər gününə həsr olunmuş ənənəvi «Miss Valentin» turnirindən ölkəmizə 14 medal gətirilib. Bunlardan da 6-sı qızıldır.
Yığmamızın lideri Aliyə Qarayeva öz yüksək statusunu bir daha təsdiqləyərək, yarışda iki qızıl medal əldə etdi. Aliyə top və lentlə hərəkətlərdə qazandığı birincilikdən əlavə, halqa və gürlərlə gümüş mükafata sahib olub.

Yeniyetmə gimnastlarımız Nilufər Niftəliyeva (1998-ci il təvəllüdlü) və Jalə Piriyeva da (2000) London olimpiadasının gələcək iştirakçısını öz uğurlu çıxışları ilə dəstəklədilər. 12 yaşlı idmançımız topla və gürzlərlə qalib, halqa ilə ikinci oldu. Daha böyük yeniyetmə gimnastımız isə halqa və gürzlərlə birinciliyinə lentlə çıxışın gümüş mükafatını da əlavə etdi. Digər 14 yaşlı idmançımız Gülsüm Şəfizadə topla «gümüş», lentlə «bürünc» qazandı.
15 yaşlı Yekaterina Prokopenko lentlə proqramda fəxri kürsünün ikinci pilləsini yerli idmançı ilə bölüşdü.

Tartudan son medalı isə 1999-cu il təvəllüdlü yeniyetmə gimnastlardan ibarət qrup komandamız gətird. Nərminə Hüseynova, Mehbarə Mənsurova, Samirə Əlizadə, Səbinə Əlizadə və Cənnət Məmmədovanın beynəlxalq debütü 5 topla proqramda ikinci yerlə nəticələndi.

Yarışdan sonra ölkə yığmsının baş məşqçisi Mariana Vasilyeva bildirib ki, bütün iştirakçılarımız öz yeni proqramlarını ınaqdan çıxardılar və onların işindən razıdır: «Ümid edirəm ki, bu, Nijnı Novqorodda iyundakı Avropa çempionatına hazırlaşan Qarayeva və yeniyetmələr üçün uğurlu başlanğıcdır».

Xəbər 1219 dəfə oxundu.