Bahadırlarımız Ankarada 11 medal qazandılar
Türkiyə paytaxtında bu ölkənin tanınmış pəhləvanı Yaşar Doğunun xatirəsinə sərbəst və qadın güləşi üzrə 40-cı beynəlxalq turnir keçirilib. İdman.com.az saytının məlumatına görə, hər 2 komandamız ümumilikdə 3 qızıl, 4 gümüş və 4 bürünc qazanıb.

Mübarizənin son günündə 96 kq-da Azərbaycan finalı qeydə alınıb. Həlledici görüşdə Xetaq Qazyumov komanda yoldaşı Şərif Şərifovu üstələyib. Digər titullu bahadırımız Cəbrayıl Həsənov (66 kq) bürünc medala sahib çıxıb. Millimiz komanda hesabında 36 xalla 3-cü olub.

Qadınların yarışında ikinci günün 63-kq da mübarizə aparan İrina Netreba yalnız finalda uduzub; Angela Doroqan (51 kq) bürünc mükafatla kifayətlənib. Yığmamız ümumi hesabda 2-ci yer tutub (40 xal).

Xatırladaq ki, ilk gündə sərbəst güləşçilərimizdən Mahmud Məhəmmədov (55 kq) qızıl, Qalib Əliyev (55 kq) və Əşrəf Əliyev (74 kq) bürünc medal qazanmışdılar.
Qadınların yarışında Marziget Baqomedova 1-ci, Kəmalə Əliyeva (hər ikisi - 48 kq) və Natalya Palamarçuk (72 kq) 2-ci yer tutmuşlar.

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli referi Əjdər Cəfərovun baş hakim olduğu yarışda, ədaləti beynəlxalq dərəcəli referi Qərib Əliyev və Fəraqət Cəlalov qoruyublar.

Xəbər 991 dəfə oxundu.