“Rossiya 24” kanalı Bakıda keçiriləcək “Formula-1” yarışlarına həsr olunmuş reportaj yayımlayıb
Rusiyanın “Rossiya 24” kanalı Azərbaycanda keçiriləcək “Formula-1” yarışlarına həsr olunmuş video material yayımlayıb.

Reportajda ölkəmizin bu yarışlara neçə hazırlaşdığından bəhs edilir.

Qeyd olunub ki, birinci Avropa Oyunlarının ardınca ölkəmiz, daha bir idman yarışını qəbul etməyə hazırlaşır. Artıq Azərbaycan rusiyalı turistlər tərəfində seçilən gəzməli, görməli şəhərlər siyahısında ilk üçlükdə qərarlaşıb. Bakıda keçiriləcək “Formula-1” yarışları isə ölkəmizə olan diqqəti daha da artırır. Əlavə olunur ki, “Formula-1” yarışlarının əsas tanıtımı promoturların üzərinə düşür. Çünki bu yarışlar fərqli və ölkəmiz üçün yenidir. Həmçinin vurğulanır ki, yarışların keçirilməsi üçün paytaxtda təşkilatı işlər davam edir və “Formula-1” üzrə ikiqat dünya çempionu və hazırda “McLaren Honda” komandasının heyətində yarışan Fernando Alonso Bakıda təşkil olunacaq Avropa Qran-prisinin rəsmi elçisi kimi Bakıya gəlib. Reportajda deyilir ki, Fernando Alonso “Formula-1”in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

Rusiyalı Jurnalist Daniil Maxalin sonda qeyd edir ki, keçmişlə müasirliyin vəhdətini gözəl şəkildə təcəssüm etdirməyi bacaran Azərbaycan paytaxtı iyunun 17-dən 19-dək “Formula-1”in pilotları ilə yanaşı, Odlar diyarına gələn hər kəsin hafizəsində özünün əsrarəngizliyi ilə yadda qalacaq.

Xəbər 751 dəfə oxundu.