Qəbələdən yeni layihə
Atdığı bütün addımlarda təkcə bu gününü deyil, gələcəyini də düşünən “Qəbələ” İdman Klubu gələcəklə bağlı yeni aksiyaya start verib. Məktəblilərin iştirakı ilə daha öncə də müxtəlif layihələr gerçəkləşdirən klub bu aksiya ilə yeniliyə imza atıb.

Layihə çərçivəsində “Qəbələ”nin sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim olunub. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən sosial aksiyanın məqsədi məktəblilərin idmana - futbola marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirmək, onların “Qəbələ” ailəsinin bir üzvü olduğunu, bizim üçün, gələcəyimiz üçün önəm daşıdıqlarını göstərməkdir.

Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı olaraq klubumuzun nümayəndələri mayın sonunadək Qəbələdəki bütün məktəbləri ziyarət edəcək. Bundan əlavə şagirdlərin oyunlara gəlməsi üçün hər cür şərait yaradılacaq.

Dünən aksiya çərçivəsində baş tutan belə tədbir 1 saylı orta məktəbdə keçirilib. Klubumuzun futbol direktoru Toni Adams, baş meneceri Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və marketinq meneceri Səməd Nəsibov məktəbdə şagirdlərlə görüşüblər.

Tədbirdə çıxış edən ingiltərəli futbol mütəxəssisi layihə haqda fikirlərini açıqlayıb. Bütün məktəbliləri komandanı dəstəkləməyə çağıran Adams aksiyaya qatılmağından məmnunluğunu bildirib: “6 ildir burda olsam da, ilk dəfədir sizinlə görüşürəm. Bizim matçları izləməyə gəlsəniz, yenə bura gələrəm. Akademiyamızda təhsil alanların 50 faizinin Qəbələdən olduğunu bilirik. Bu oyunçularla yaxından maraqlanmalıyıq”.

Görüşdə klubun baş meneceri Zaur Əzizov da layihənin vacibliyindən danışıb: “Bu aksiya bizim üçün önəmlidir. Bu gün bu məktəbdə təhsil alan uşaqlar gələcəyin idmançıları, azarkeşləri, hətta “Qəbələ”nin heyətində oynayan futbolçulardan biri ola bilər. Ona görə də bu gün burada iştirak etməkdən məmnunuq”.

Mustafa Aztopal layihənin uğurlu olduğunu qeyd edib: “Bu layihə çoxdan planlaşdırılırdı. Cari mövsüm başa çatanadək Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Layihədə iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaq, ikincisi isə kluba olan sevgisini artırıb, oyunlarımıza azarkeş kimi cəlb etməkdir. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq. Sizi Qəbələdə keçirilən oyunlarda stadionda da görmək istərdik”.

Görüşün sonunda şagirdlərə hədiyyələr təqdim edən klub nümayəndələri onlarla xatirə şəkili çəkdirib.

Xəbər 740 dəfə oxundu.