Baku-2020: Sifariş kitabı hazırdır

Könül Nurullayeva: «Bu dəfər iş daha mükəmməl qurulub»

Bakı-2020-nin nümayəndə heyəti iddia ərizəsini təqdim etmək üçün sabah İsveçrəyə yola düşür. Bu barədə jurnalistlərə bu gün Milli Olimpiya Komitəsində keçirilmiş brifinqdə Bakı-2020-nin Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva məlumat verib. Onun sözünə görə, Lozanna şəhərində ölkəmiz yüksək səviyyədə təmsil olunacaq. Nümayənə heyətinə başda gənclər və idman naziri Azad Rəhimov olmaqla, Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva, olimpiya çempionu Zemfira Meftəhəddinova, AFFA-nın baş katibi Elxan Məmmədov və paralimpiya oyunlarının 2-qat qızıl mükafatçısı İlham Zəkiyev daxildir. Onlar fevralın 14-də Bakının iddia ərizəsini rəsmən Beynəlxalq Olimpiya Komitəsinin baş qərərgahına təqdim edəcəklər.

İcraçı direktoru K.Nurullayeva mediya nümayəndələri ilə görüşdə Sifariş Kitabının məzmunu haqqında da məlumat verdi: «Sifariş Kitabı təkcə ölkə idmanı haqqında məlumatdan ibarət deyil. Orada Azərbaycanın beynəlxalq standartlara cavab verən mövcud idman, nəqliyyat, turizm və digər infrastrukur imkanlarını təsvir olunub. Həmçinin, Bakıda nümunəvi olimpiya oyunlarını keçirmək üçün gələcək illərdə quracağımız yeni infrastruktur planını da təqdim edirik. Əvvəllər kifayət qədər təcrübəmiz yox idi. Həmin vaxt Sifariş Kitabına əsasən müsbət və mənfi tərəflərimiz BOK tərəfindən hazırlanmış Hesabat Kitabında göstərilmişdi. İndi biz müsbət tərəfləri daha da inkişaf etdirmək, mənfiləri isə aradan qaldırmışıq».

Könül xanım, görülən işlərin hədər getməyəcəyini və növbəti mərhələyə adlayacaqlarına inandığını deyib: «2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunları uğrunda mübarizədə qalib olma şansımız barədə qabaqcadan proqnoz vermək düzgün deyil. Amma deyə bilərəm ki, şansımız var. Mən buna inanıram. Ötən dəfə ilə müqayisədə, bu səfər iş daha mükəmməl qurulub. Hələlik iddiaçı qismində çıxış edirik. Azərbaycan paytaxtının rəsmi namizəd olub-olmayacağı mayın 23-də Kanadanın Kvebek şəhərində keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) toplantısında dəqiqləşəcək. Orada xeyrimizə qərar qəbul ediləcəyinə ümidim böyükdür».
Qeyd edək ki, Bakıdan başqa, Doha (Qətər), Tokio (Yaponiya), Madrid (İspaniya), Roma (İtaliya) və İstanbul (Türkiyə) Olimpiada-2020-yə iddiaçıdırlar.

K.HACI


Xəbər 1788 dəfə oxundu.