Azərbaycan kuboku: “Xəzər-Lənkəran”ı yarışdan kənarlaşdıran “Neftçi” yarımfinala vəsiqə qazanıb
Martın 9-da futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinə yekun vurulub.

Kubok yarışlarının bütün yarımfinalçı komandalar məlum olub. Son dörddəbir final matçında “Neftçi” və “Xəzər-Lənkəran” komandaları üz-üzə gəlib. Ötən həftə Lənkəranda baş tutan qarşılaşmada meydan sahibləri qalib gəlsə də, bu görüşdə üstünlükdən yararlana bilməyiblər. Əvəzində paytaxt təmsilçisi iki cavabsız qolla rəqibini Lənkərana əliboş yola salıb. Ruslan Qurbanov 60, Araz Abdullayev isə 64-cü dəqiqələrdə vurduqları qolla komandasının qələbəsini rəsmiləşdirib – 2:0.

“Neftçi”ni matça klubun yeni baş məşqçisi Vəli Qasımov çıxarıb. Ardıcıl dörd il finalda oynayan paytaxt klubu rekord seriyasını yeniləməyə doğru daha bir addım atıb.

Qeyd edək ki, yarışın yarımfinal mərhələsində “İnter” komandası “Qarabağ” ilə, “Neftçi” isə “Qəbələ” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyunlar aprelin 27-də, cavab qarşılaşmaları isə mayın 4-də keçiriləcək.

Xəbər 690 dəfə oxundu.