Bu gün UEFA Çempionlar Liqasının daha iki dörddəbir finalçısı müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü oynanılacaq.

Oyunlar Sankt-Peterburq və Londonda keçiriləcək. Rusiyanın “Zenit” komandası Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Ev oyununda minimal hesablı qələbə qazanan “Benfika” cavab görüşünə üstünlüklə çıxacaq. Lissabon təmsilçisi heç-heçə və ya qələbə sayəsində adını növbəti mərhələyə yazdıracaq. “Zenit” isə səkkiz komanda arasına düşməsi üçün qapısından qol buraxmamaqla rəqibini məğlub etməlidir.

Gecənin mərkəzi matçında “Çelsi” Fransanın PSJ komandasını qəbul edəcək. İlk qarşılaşmada 1:2 hesabı ilə məğlub olan “zadəganlar” Kurt Zuma, Radamel Falkao və Con Terrinin xidmətindən yararlana bilməyəcək. Paris təmsilçisinin heyətində isə yalnız Serj Oryenin meydanda olmayacağı dəqiqdir. Marko Verratti və Blez Matüidinin oynayıb-oynamayacağı isə dəqiqləşməyib. PSJ səfərdə heç-heçə və qalibiyyətə ümid bəsləməklə, “Çelsi” isə yalnız minimal hesablı qələbə ilə növbəti mərhələni sığortalamış olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin daha dörd cavab oyunu martın 15-16-da keçiriləcək.

Xəbər 897 dəfə oxundu.