Aleksandr Qostiyev Avropa çempionatında gümüş medal qazanıb
Riqada keçirilən güləş üzrə Avropa çempionatında sərbəst güləş üzrə kişilər arasında yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gümüş medal qazanıb.

İlk rəqibi Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Sonra London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov isə ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Ancaq güləşçimiz məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.

Xəbər 641 dəfə oxundu.