Azərbaycan güləşçiləri Riqada keçiriləcək Avropa çempionatına ciddi hazırlaşırlar
Martın 8-dən 13-dək Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.

Yarışın ilk günlərində sərbəst və qadın güləşçilər güclərini sınayacaqlar. Sonra isə yunan-Roma güləşçilərimiz mübarizə aparacaqlar. Yığma komandamızın üzvləri yarışın keçiriləcəyi “Arena Riqa” kompleksində məşq edir, çempionata hazırlığı davam etdirirlər.

Çempionatda əvvəlcə 57 və 86 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 63 kiloqram çəki dərəcələrində qadın güləşçilər yarışacaqlar. Sərbəst güləş yarışlarında ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Qitinomaqomed Hacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Yığma komanda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi ilə çıxış edəcək.

Qadın güləşi üzrə yarışlarda baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərlik etdikləri yığma komandanın heyətinə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Yuliya Ratkeviç (60 kq) və Gözəl Zutova (69 kq) cəlb olunublar.

Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Çempionatın proqramına əsasən, martın 8-11-də sərbəst və qadın, 12-13-də yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək.

Görüşlərin idarə olunmasında ölkəmizi I-S dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edirlər.

Xəbər 704 dəfə oxundu.