İdman dırmanmasının boldrinq növü üzrə “Ümid” yarışı keçiriləcək
Martın 12-13-də idman dırmanmasının boldrinq növü üzrə “Ümid” yarışı keçiriləcək.

Yarış Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) “Climb-Baku” mərkəzində Beynəlxalq İdman Dırmanması Federasiyasının qaydaları əsasında təşkil olunacaq.

Yarış Azərbaycanda idman dırmanmasının inkişaf etdirilməsi, gənclərin və yeniyetmələrin bu idman növünə cəlb edilməsi, istedadlı idmançıların üzə çıxarılması, idmançıların təcrübəsinin artırılması məqsədi daşıyır.

Turnir 12 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə təsnifat, yarımfinal və final mərhələləri olmaqla keçiriləcək. Yarımfinal mərhələsində 20, finalda isə 6 idmançı mübarizə aparacaq.

Qaliblər şəxsi hesablamada və komanda yarışında ümumi xalların cəminə görə müəyyənləşəcək.

Ümumi nəticələrə əsasən, müəyyən olunmuş qaliblər Federasiya tərəfindən mükafatlandırılacaq.

Xəbər 591 dəfə oxundu.