Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının finalçıları müəyyənləşib
Martın 5-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə dünya kuboku yarışları start götürüb.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur.

Olimpiya ilində batut gimnastikası mövsümünün ilk yarışı olan turnirdə Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar qatılıb. Ümumilikdə yarışlarda 17 ölkədən 77 gimnast fərdi və sinxron proqramda mübarizə aparır. İştirakçılardan 46-sı kişi, 31-ri isə qadındır.

Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun birinci günündə kişilər və qadınlar arasında fərdi çıxışlar və sinxron cütlüklərin təsnifat yarışları təşkil olunub.

Kişilərin fərdi çıxışlarında Dmitri Uşakov (Rusiya), Vladislav Xançarov (Belarus), Dioqo Qançino (Portuqaliya), Mixail Melnik (Rusiya), Nathan Baley (Böyük Britaniya), Mikalay Kazak (Belarus), Katsufumi Tasaki (Yaponiya) və Artur Zakrzevski (Polşa) finala vəsiqə qazanıblar.

Azərbaycan təmsilçiləri Dmitri Fedrovski təsnifat mərhələsini 18-ci, Ruslan Ağamirov 21-ci, Oleq Piunov 24-cü, İlya Qrişunin isə 37-ci pillədə başa vurublar.

Qadın idmançılarımızdan isə Svetlana Makştarova fərdi çıxışlarda dünya kubokunun finalına vəsiqə qazanıb. O, 99.255 xalla altıncı yerdə qərarlaşıb. Təsnifatdan sonra birinci yeri 102.160 xalla belaruslu Anna Qorçenok tutub. Böyük Britaniyadan Ketrin Driskol və Pamela Klark, Belarusdan Tatyana Petrenya, Rusiyadan Yanna Pavlova və Susanna Koçesok, eləcə də Ukraynadan Marina Kiyko da finalda çıxış etmək hüququ qazanıblar.

Kişi batutçular arasında sinxron cütlüklərin yarışında təmsilçilərimiz Dmitri Fedrovski və Ruslan Ağamirov 84.100 xalla beşinci pillədə qərarlaşaraq finala yüksəliblər. Vladislav Xançarov-Mikalay Kazak (Belarus), Nikolay Federenko-Dmitri Uşakov (Rusiya), Sebastian Martini-Allan Morante (Fransa), Dmitro Sobakar-Anton Davidenko (Ukrayna), Ginga Munetomo-Katsufumi Tasaki (Yaponiya) və Yasen İvanov-Georgi İliyev (Bolqarıstan) də həlledici mərhələyə adlayıblar.

Qadın sinxron cütlüklərin yarışında isə qızıl medal uğrunda mübarizəni ukraynalı Nataliya Moskvina-Marina Kiko, belaruslu Anna Narçonak-Tatsiana Piatrenia, Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva, ABŞ-dan Klare Conson-Nikole Ahsinger, ispaniyalı Kristina Masfret-Elvira Santiaqo Beato, rusiyalı Yana Pavlova-Viktoria Voronina, almaniyalı Silva Müller-Leonie Adam davam etdirəcəklər.

Yarışlar boyunca tamaşaçılar da diqqətdən kənar qalmayıb, müxtəlif maraqlı müsabiqələrdə iştirak edib, hədiyyələr qazanıblar.

Xəbər 826 dəfə oxundu.