Qəbələ Neftçi ilə oyuna Bakı Olimpiya stadionunda hazırlaşdı
“Qəbələ” Topaz Premyer Liqasının 24-cü turunun “Neftçi” ilə qarşılaşmasının hazrlıqlarına start verib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” ötən gün səhər növbəti hazırlığını gerçəkləşdirib.

Komanda Bakı Olimpiya Stadionunda məşq edib. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib. Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb. Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.

Xatırladaq ki, martın 5-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.

Xəbər 666 dəfə oxundu.