Ukraynalı iki çempion Rio Olimpiadasında Rusiya Federasiyasını təmsil edəcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Lozannadakı icraiyyə komitəsi Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində 11 atletin idman vətəndaşlığını dəyişməsinə icazə verib.

BOK-un mətbuat xidmətindən verilən məlumata görə, həmin 11 atlet arasında Ukraynanın beş keçmiş vətəndaşı da var.

Ukraynalı beşnövçü Anna Buryak və vindserfer Maksim Oberemko Rusiya yığmasının heyətində çıxış etməyi qərara alıblar.

Luqanskda doğulmuş A.Buryak iki dəfə (2012 və 2013-cü illərdə) dünya çempionu olub. RS:X tipli yelkənli taxtalar üzərində çıxış edən, əslən Nikolayev şəhərindən olan M.Oberemko isə 2006-cı ildə dünya çempionu olub.

Beynəlxalq Olimpiya Komitəsi daha iki ukraynalı beşnövçünün – İrina Xoxlova və Ruslan Nakoneçnının, habelə üzgüçü Viktoriya Solntsevanın vətəndaşlığını dəyişməsinə razılıq verib. İndi İrina Argentinanı təmsil edəcək, Ruslan Latviya bayrağı altında çıxış edəcək, Viktoriya isə Türkiyə yığma komandasına keçib.

AZƏRTAC

Xəbər 680 dəfə oxundu.