Qadınlar arasında şahmat üzrə dünya çempionatına start verilib
Martın 2-də Lvovdakı Pototski sarayında qadınlar arasında şahmat üzrə dünya çempionatına start verilib. Dünya çempionu adı uğrunda ukraynalı Mariya Muzıçuk və çinli Hou İfan mübarizə aparacaq.

Ukraynada bu cür yarışlar ilk dəfə keçirilir. Dünya çempionu adı uğrunda çinli və ukraynalı şahmatçı arasında mübarizə on partiyadan ibarət olacaq. Oyunların keçirilməsi üçün Pototski sarayında hazırlanmış xüsusi otaqda yalnız iştirakçılar və hakimlər ola bilər.

Çempionatın açılış mərasiminin əvvəlində bu yarışların loqotipinin təsvir edildiyi bayram poçt markası möhürlənib.

Hou İfan etiraf edib ki, bu şəhərdə şahmat həvəskarlarının çox olması onu sözün yaxşı mənasında heyrətləndirib. BBC agentliyinin verdiyi məlumata görə, çinli idmançı Lvova bir həftə bundan əvvəl gəlib və öz doğum gününü də Ukraynada qeyd edib.

Püşkatma nəticəsində məlum olub ki, birinci oyunda Hou İfan qara fiqurlarla, Mariya Muzıçuk isə ağ fiqurlarla oynayacaq.

Qadınlar arasında şahmat üzrə dünya çempionu titulu hazırda Mızıçuka məxsusdur. Ukrayna nümayəndəsi bu titulu 2015-ci ilin baharında qazanıb. FİDE-nin qadın şahmatçılar arasında reytinq cədvəlində Hou İfan birinci yeri tutur, onun ukraynalı rəqibi isə bacısı Anna ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

Hou İfan qadınlar arasında şahmat üzrə üçqat dünya çempionudur. O, həmin titulu ilk dəfə 16 yaşında qazanıb.

AZƏRTAC

Xəbər 718 dəfə oxundu.