Vitali Borisov: «Bizimlə oyunda favorit Rusiya yığmasıdır» - MÜSAHİBƏ
Azərbaycanın futzal yığmasının aparıcı üzvü Vitali Borisov azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımzla sohbətdə o, dünya çempionatına vəsiqə uğrunda keçiriləcək Rusiya ilə pley-off oyunlarından danışıb, komandamızın şanslarını dəyərləndirib:

- Axşam İspaniya və Rusiya arasındakı Avropa çempionatının final matçına (3:1) baxdınız?
- Yaxşı oyun idi. İspaniya yenə güclü oldu. Demək olar ki, oyun boyu meydanda üstün olan tərəf məhz ispanlar idi. Rusiya da yaxşı təşkilatlanmış komanda olaraq əla oyun göstərdi. Lakin buna baxmayaraq, çoxlarının proqnozlaşdırdığı kimi, İspaniya yenə Avropanın ən güclüsü oldu. Baxmayaraq ki, onlar bu turniri əvvəlkindən fərqli çox çətinliklə qazandılar.

- Yəqin ki, bu oyuna siz daha çox püşkdə bizim bəxtimizə çıxan Rusiya yığmasını daha yaxşı analiz etmək gözüylə baxmısız...
- Püşk bizim üçün daha münasib rəqib çıxara bilərdi. Pley-off mərhələsində Çex Respublikası və ya Serbiya ilə qarşılaşmaq istərdik. Amma son Avropa çempionatının finalçısı ilə düşdük. Hər halda bu, İspaniyaya rəqib olmaqdan daha yaxşıdır. Düşünmürəm ki, Rusiya bizimlə ispanlara qarşı tətbiq etdiyi taktika ilə oynasın. Finalda onlar o qədər də açıq oyun göstərmədilər. Azərbaycanla görüşdə isə, əsas favorit onlar olacaq və yəqin ki, belə müdafiə olunmayacaqlar.

- Rəqibimizin oyununu necə xarakterizə edə bilərsiz?
- Rusların ən güclü tərəflərindən biri sürətli oyundur. Həmçinin futzalçılar arasında anlaşmanın yüksək səviyyədə olmasını da xüsusi qeyd etmək lazımdır. Rusiya yığmasının iki balanslaşmış güclü dördlüyü var. Bir sözlə güclü komandadır. Bunu elə Avropa çempionatının finala çıxmaları da aşkar sübut edir.

- Belə olan halda Azərbaycan yığmasının şanslarını necə qiymətləndirirsiz?
- Şanslar barədə bu oyunlara az qalmış danışmaq olar. Hər şey oyunlara necə yanaşacağımızdan asılıdı. Hər halda favorit ruslardır. Həm də sözügedən matçlarda Andrey Tveryankin bizə kömək edə bilməyəcək.

- Deyəsən, bu oyunlara çox pessimist yanaşırsız...
- Əlbəttə, bizim də üstün tərəflərimiz var. Məsələn, cavab oyunu Moskvada keçirilsə də, bizim üçün demək olar ki, ev oyunu hesab olunacaq. Əminəm ki, həmyerlilərimiz bizi dəstəkləyəcəklər. Amma eyni zamanda, çox şey Bakıda keçiriləcək ilk oyundan asılı olacaq.

- Sizi hansı nəticə qane edəcək?
- Əlbəttə ki, qələbə. Heç olmasa minimal hesabla. Həmçinin mümkün qədər az qol buraxmalıyıq.

- AÇ-2012-dəki uğursuzluqdan sonra komandada dəyişiklik lazımdımı?
- Bu sual mənə verilməməlidir. Əgər baş məşqçi lazım bilirsə, yəqin ki, olar. Mən öz fikrimi, yaxşısı budur, elə özümdə də saxlayım.

- AÇ-2012-dəki uğursuzluğun davamının gəlməsindən qorxmursuz?
- Fikrimcə, hər şey yaxşı olmalıdır. Təbii ki, bu turnirdən kənarda qalmağımız çox üzücü olacaq. Əgər öz oyunumuzu oynasaq, Rusiyanı keçə bilərik. Əgər bunu bacarmasaq, dünya çempionatında bizim görüləsi heç bir işimiz olmayacaq.


Xəbər 1134 dəfə oxundu.