Azərbaycan Premyer Liqasında XXIII tur başlayır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları keçiriləcək.

Turun bütün görüşləri eyni gündə oynanılacaq. Görüşlərdən üçü Bakıda, ikisi isə bölgədə baş tutacaq.

Turun açılış matçında “Kəpəz” Gəncədə “Sumqayıt” klubunu qəbul edəcək. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf məğlub olmayıb. “Kəpəz” həm də ardıcıl iki ev matçında qələbə qazanıb. Gəncə təmsilçisi qələbə qazanacağı təqdirdə, turnir cədvəlində bir pillə irəliləyərək dördüncü olacaq. “Sumqayıt” isə səfərdə əldə olunacaq üç xal sayəsində ən yaxın qonşusu AZAL ilə fərqi ikiyə endirəcək.

“Zirə”–“Neftçi” və AZAL–“Rəvan” oyunları eyni vaxtda başlayacaq. Şüvəlanda oynanılacaq matçda AZAL qələbə qazanarsa, “Neftçi” ilə xal fərqini 2-yə endirə bilər. “Rəvan” da sonuncu pillədən xilas olmaq üçün qələbə qazanmaq niyyətindədir.

Digər matç Zirədə eyniadlı komanda ilə “Neftçi” arasında keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Premyer Liqanın debütantı olan Adil Şükürovun rəhbərlik etdiyi komanda qələbə sayəsində lider “Qarabağ”la xal fərqini üçə endirəcək. “Neftçi” isə mükafatçılar sırasına düşmək üçün mütləq qələbə qazanmalıdır. Belə olan halda qonaqlar beşinci pilləyə yüksələcək.

Turun növbəti görüşü Qəbələdə baş tutacaq. Cari mövsüm heç də stabil çıxış etməyən “Qəbələ” “Xəzər-Lənkəran”la üz-üzə gələcək. Cütlüyün son dörd qarşılaşmasından "Qəbələ" qalib ayrılıb. Ümumiyyətlə, çempionatın XI turundan bəri qol sevinci yaşamayan “Xəzər-Lənkəran” hazırki rəqibinə də son üç oyundur qol vura bilmir. “Qəbələ” qalibiyyət sayəsində üçüncü pillədəki mövqeyini qorumuş olacaq.

Günün sonuncu oyunu - turun mərkəzi görüşü isə "İnter" və "Qarabağ" komandaları arasında keçiriləcək. Komandalar bu günədək 45 dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların iyirmisində “Qarabağ" qələbə qazanıbsa, onunda “İnter” üç xala sevinib. Qalan on beş oyunda isə sülh qeydə alınıb. “İnter” qələbə qazanarsa Qəbələdə keçiriləcək oyunun nəticəsindən asılı olaraq üçüncü pilləyə şərik ola bilər. Qurban Qurbanovun komandası isə üç xalla turnir cədvəlindəki liderliyini möhkəmlədəcək.

Xəbər 648 dəfə oxundu.